"Prezident İlham Əliyevin tələbələrin təqaüdlərinin artırılması ilə bağlı imzaladığı sərəncamı çox dəyərli və vacib bir qərar kimi qarşılayıram".
Bu fikri AzEdu.az-a açıqlamasında Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva qeyd edib."Bir insan, valideyn və təhsilə dəyər verən biri olaraq deyə bilərəm ki, bu addım təkcə maddi dəstək deyil – gənclərə verilən bir mesajdır: "Biz sizin yanınızdayıq." Bugünkü dövrdə təhsil almaq yalnız oxumaqla məhdudlaşmır. Gənclər eyni zamanda yaşayış xərclərini qarşılamaq, nəqliyyat, qida, hətta tədris üçün lazım olan resurslara da pul xərcləməlidirlər. Belə bir qərar tələbələrin yükünü azaldır, onları əlavə işlərə deyil, dərslərinə fokuslanmağa təşviq edir.
Düşünürəm ki, bu qərar həm motivasiya baxımından, həm də sosial bərabərlik baxımından çox önəmlidir. Əgər bir tələbə maddi səbəblər üzündən təhsildən uzaq düşürsə, bu təkcə onun üçün yox, bütövlükdə cəmiyyət üçün itkidir. Ona görə də bu tip dəstək gənclərin gələcək həyatına sərmayə kimi baxılmalıdır.
Ümid edirəm ki, bu siyasət davamlı olar və daha çox gəncin həyatına müsbət təsir edər. Təhsil alan bir gəncin arxasında onu anlayan və dəstəkləyən dövlətin olması böyük gücdür".