25 iyul 2025-ci il tarixində Hədəf Şirkətlər Qrupunun baş idarə binasında Şimali Kipr Türk Cümhuriyyətinin aparıcı ali təhsil müəssisələrindən olan Doğu Akdeniz Universitetinin Bakı tanıtım ofisinin açılış mərasimi baş tutdu. Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil Naziri cənab Nazım Çavuşoğlu, Doğu Akdeniz Universitetinin rektoru cənab Hasan Kılıç, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Lefke Avropa Universitetinin rektoru cənab Mehmet Ali Yükselən, Wotmax Şirkətinin rəhbəri İlhami Bilgən, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, Azərbaycan Respublikası Milli Məclisinin deputatları — Vüqar İsgəndərov və Azərbaycan‑Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev, eləcə də digər rəsmi şəxslər iştirak etdilər.
AzEdu.az xəbər verir ki, bu layihə təkcə iki dövlət arasında münasibətlərin inkişafı baxımından deyil, həm də ümumtürk dəyərlərinin yaşadılması və ortaq gələcək vizyonunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasındakı bu cür əməkdaşlıq təşəbbüsləri türk dünyasının inteqrasiyasını gücləndirən strateji addımlar kimi qiymətləndirilir.
Təhsil, elm və mədəniyyət sahələrində atılan addımlar Türk Dövlətləri Təşkilatının məqsəd və dəyərlərinə uyğun olaraq bütün türk dövlətlərini birləşdirən ortaq platformaların qurulmasına xidmət edir. Bu addım sadəcə iki dövlət arasında deyil, ümumən türk coğrafiyasındakı gənclər arasında əməkdaşlıq, anlaşma və həmrəylik ruhunun möhkəmləndirilməsi üçün nümunəvi olacaq. Təhsil sahəsində belə təşəbbüslər ortaq mədəni irsin qorunması, bilik və təcrübə mübadiləsi, ortaq layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə yeni imkanların yaranmasına zəmin yaradıb ki, bu da bütövlükdə Türk Birliyinin möhkəmlənməsi və gələcək nəsillərin ortaq dəyərlərlə yetişməsi üçün böyük bir addımdır.