Bəzən insanlar ali təhsilini tamamladıqdan sonra fərqli bir sahədə bilik və bacarıq əldə etmək istəyirlər. Bu, karyera yönünü dəyişmək, yeni imkanlar qazanmaq və ya şəxsi maraqları reallaşdırmaq məqsədilə ola bilər. Elə bu səbəbdən də bir çoxları ikinci ali təhsil almaq barədə düşünür.
Universitetlərdə ikinci təhsil almaq üçün hansı meyarlar tələb edilir?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı universitetlərə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2025/2026-cı tədris ili üçün ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlayıb.:
"Sənədlər 26 may – 31 avqust 2025-ci il tarixləri arasında yalnız elektron şəkildə portal.edu.az və kabinet.unec.edu.az vasitəsilə təqdim olunmalıdır. Təkrar ali təhsil almaq istəyən şəxslər müvafiq tələblərə cavab verdikləri halda, maliyyə, mühasibat, iqtisadiyyat, meynəlxalq ticarət və logistika, statistika, menecment, dövlət və bələdiyyə idarəetməsi, biznesin idarə edilməsi, marketinq, sosial iş, ekologiya, beynəlxalq münasibətlər, İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompyüter mühəndisliyi, sənaye mühəndisliyi, ekologiya mühəndisliyi, qida mühəndisliyi, maşın mühəndisliyi, materiallar mühəndisliyi, kommunikasiya sistemləri mühəndisliyi, elektrik və elektronika mühəndisliyi və dizayn ixtisaslar üzrə ikinci ali təhsil hüququ qazanacaqlar.
Təkrar ali təhsil almaq istəyənlər rektorun adına ərizə, ali təhsil haqqında diplomun və diploma əlavəsinin notarial qaydada təsdiqlənmiş surəti, 3x4 sm ölçülü fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini sənədləri elektron formada təqdim etməlidirlər.1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər".
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev qeyd edib ki, Universitetdə ikinci ali təhsil üzrə qəbul prosesi Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və "Təhsil haqqında" qanunvericiliyinə əsasən həyata keçirilir:
"Bu təhsilə qəbul üçün əsas meyar müraciət edən şəxsin birinci ali təhsil haqqında sənədinin olmasıdır. Yəni şəxs mütləq birinci ali təhsilini başa vurmuş olmalıdır. Həm Azərbaycan Respublikası vətəndaşları, həm də əcnəbi vətəndaşlar bu hüquqdan istifadə edə bilərlər.
Qəbulda yeganə tələb olunan meyar budur. İstənilən şəxs istədiyi ixtisas üzrə ikinci ali təhsil ala bilər. Universitet tərəfindən isə arzu olunan hal odur ki, müraciət edən şəxsin birinci təhsili ilə ikinci təhsil arasında və ya hazırda çalışdığı peşə ilə seçdiyi ixtisas arasında müəyyən uyğunluq və yaxud yaxınlıq olsun. Bu, həmin şəxsin ikinci ali təhsil müddətində öyrənmə prosesini asanlaşdırır.Bütün müraciət prosesi Elm və Təhsil Nazirliyinin rəsmi portalı üzərindən elektron qaydada həyata keçirilir. Sənədlər toplanılır və uyğun olan şəxslərlə universitet əlaqə saxlayaraq qəbul haqqında məlumat verir.
Məsələn, deyək ki, inşaat mühəndisliyi üzrə ikinci ali təhsil üçün 25 yer ayrılıb. Əgər həmin ixtisasa 50 nəfər müraciət edərsə və onların hamısı əsas kriteriyalara uyğun gəlirsə, o zaman qəbul üçün seçim prosesi daha detallı meyarlarla həyata keçirilir.
Burada ilk növbədə diqqətə alınan məsələ müraciətçinin birinci ali təhsilinin seçdiyi ikinci ixtisasa - məsələn, inşaat mühəndisliyinə yaxın olub-olmamasıdır. Yəni ixtisas uyğunluğu əsas götürülür.İkinci meyar isə həmin şəxsin hazırda çalışdığı iş yeridir. Onun işlədiyi sahə və tutduğu vəzifə də önəmli rol oynayır. Yəni bu ixtisas üzrə təhsilə olan ehtiyac real fəaliyyətlə əlaqəlidirsə, bu da üstünlük yaradır.
Üçüncü əsas meyar isə müraciətçinin birinci ali təhsil zamanı əldə etdiyi akademik göstəricilərdir. Yəni orta müvəffəqiyyət balı və qiymətlər nəzərə alınır.Bu kriteriyalar əsasında uyğun namizədlər arasından ən uyğun olan 25 nəfər seçilərək qəbul olunur".
Azərbaycan Universitetinin (AU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə sənəd qəbulu prosesinə 26 may 2025-ci il tarixindən başlanılıb:
"Azərbaycan Universitetində təkrar ali təhsil almaq üçün müraciət etmək istəyənlər //portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. Portal vasitəsilə müraciətin cari statusunun izlənilməsi, müsahibə və imtahan mərhələlərinə dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.
Sənəd qəbulu 30 avqust 2025-ci il saat 18.00-da başa çatacaq.Sənəd qəbulu başa çatandan sonra portal vasitəsilə sənədlərini təqdim edənlər universitetə müsahibəyə dəvət olunacaqlar".
Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova söyləyib ki, ikinci ali təhsil almaq üçün portal.edu.az qeydiyyatdan keçərək göstərilən ixtisaslardan birini seçərək, təhsil haqqında sənədləri daxil etmək lazımdır:
"Sənədləri qaydasında olan namizədlər üçün daha sonra müsahibə təyin ediləcək və müsahibədən uğurla keçən namizədlər təhsil haqqında ödənişlərini ödəməklə onlar barəsində müvafiq qəbul əmri veriləcək.
Artıq 1 aydan artıq müddətdir ki, ikinci ali təhsillə bağlı portal.edu.az üzərindən qeydiyyat aktivləşib və məzunlar çoxlu müraciətlər ediblər.Müraciətlərin sistemin aktiv olma müddətindən asılı olaraq sentyabr ayınadək qəbul edilməsi nəzərdə tutulmuşdur. Dəqiq tarix isə Elm və təhsil nazirliyi tərəfindən sistem üzərindən bildiriləcəkdir. LDU üzrə hazırda 6 tələbə ikinci ali təhsil üzrə təhsil alır".
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, təkrar ali təhsil almaq istəyənlər təhsil müəssisəsi rəhbərinin adına ərizə, ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış, əmək kitabçasından çıxarış,şəxsiyyət vəsiqəsinin surəti, 3x4 ölçüdə 4 ədəd fotoşəkil və iş yerindən arayış sənədlərini təqdim etməlidirlər:
"2024/2025-ci tədris ilində universitetdə 50 nəfər tələbə təhsil alıb. Belə ki, onlardan 11 nəfəri məzun olub Hazırda 2 və 3 kurslar üzrə 39 tələbə təhsilini davam etdirir.1 ci kurs üzrə isə tələbə qəbulu davam edir. Yekun say sentyabrda dəqiq bilinəcək".
Azərbaycan Dövlət Neft Sənaye Universitetindən (ADNSU) verilən məlumata əsasən,ikinci ali təhsilə sənəd qəbulu artıq bir neçə gündür ki, davam edir və bu proses avqustun sonuna qədər davam edəcək:
"Qəbulla bağlı əsas meyarlar ixtisas uyğunluğu və peşə uyğunluğudur. Yəni, ikinci ali təhsil almaq istəyən şəxs hazırda işlədiyi sahəyə və əvvəlki ixtisasına uyğun ixtisas üzrə müraciət edə bilər. Bu, onların tədris prosesinə uyğunlaşmasını və təhsili daha uğurla mənimsəməsini təmin etmək üçündür.
Dərslər əsasən qiyabi formada təşkil olunur və tədris həm iş yerində çalışan şəxslərin, həm də digər kateqoriyadan olan şəxslərin rahatlığını nəzərə alaraq planlaşdırılıb.Hazırda universitetdə ikinci ali təhsil üzrə ümumilikdə 1259 nəfər tələbə təhsil alır.Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ikinci ali təhsil üzrə qəbul prosesi 17 ixtisas istiqamətində həyata keçirilir".
Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova vurğulayıb ki, təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada //portal.edu.az/ vasitəsilə həyata keçirilir:
"Təkrar ali təhsil ödənişli əsaslarla, həm əyani, həm də qiyabi formada təşkil olunur və tədris Azərbaycan və Rus bölmələrində aparılır. Təklif olunan ixtisaslar üzrə illik təhsil haqqı 1800 manatdan başlayaraq 2500 manata qədər dəyişir.
Təkrar ali təhsil beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq, menecment, statistika, kompüter elmləri, kompüter mühəndisliyi, çinar mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, elektroenergetika mühəndisliyi, elektronika mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi mühəndisliyi, maşın mühəndisliyi, mexanika mühəndisliyi, materiallar mühəndisliyi, avtomatlaşdırma və idarəetmə mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, energetika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi, sənaye mühəndisliyi, nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) və s. ixtisasları üzrə qəbul aparılır.
İxtisasdan və tədris formasından asılı olaraq əyani bölmədə illik təhsil haqqı 2000–2500 manat, qiyabi bölmədə isə 1800–2100 manat arasında dəyişir. Tədris Azərbaycan və ya Rus dilində aparıla bilər və bəzi ixtisaslar hər iki bölmədə mövcuddur. Şəxsiyyət vəsiqəsinin scan variantı, diplomun və onun əlavəsinin scan variantı, Vətəndaşın hazırkı "Tələbə-məzun" statutusunun müəyyənləşdirilməsi üçün dövlət elektron məlumat sistemindən çıxarış (my.gov.az portalından istifadə edə bilərsiniz) və iş yerinə dair arayış/əmək kitabçasının scan variantının sistemə daxil edilməsi tələb olunur.
1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron formada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil hüququnu qazanacaqlar.Təkrar ali təhsili almaq üçün əvvəlki ali təhsili fərqli və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir. Təhsil ödənişlidir. Təhsil Azərbaycan və rus dillərində aparılır".
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, son 5 ildə ikinci ali təhsil və yenidən hazırlanma təhsili üzrə qəbul aparılmayıb və hazırda bu istiqamətlər üzrə təhsil alan yoxdur:
"Yalnız 2025-ci ildən etibarən iki ixtisas “Sosial iş” və “Təhsildə sosial-psixoloji xidmət” üzrə təkrar ali təhsil üçün müraciətlərin qəbuluna start verilib. Əgər kifayət qədər müraciət daxil olarsa, bu ildən həmin ixtisaslar üzrə tədrisə başlanacaq. Hazırkı mərhələdə isə bu sahələr üzrə tələbə mövcud deyil".
Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki,
2025/2026-cı tədris ili üzrə təkrar ali təhsil almaq üçün Bakı Mühəndislik Universitetinə (BMU) sənəd qəbulu ümumilikdə 39 ixtisas üzrə aparılır.
Qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində həyata keçirilir //beu.edu.az/az/page/tekrar-ali-tehsil-400/
Təkrar ali təhsilə qəbul Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin //portal.edu.az elektron portalı vasitəsilə aparılır.
Təkrar ali təhsil almaq istəyənlər ali təhsil haqqında sənəd (diplom və ona əlavə pdf, jpg formatında) və xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə (pdf, jpg formatında) sənədləri portala yükləyərək müraciət göndərməlidir.
Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərdən yenidən imtahan götürülmür. Onlarla müsahibə aparılır və müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdikləri ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər. Sənəd qəbulunun avqustun sonuna kimi davam etdirilməsi nəzərdə tutulur".