Azedu.az

Hasan Kılıç: Gənclərimizə ali təhsildə yeni imkanlar təqdim etmək istəyirik

Universitetlər

25 İyul 2025, 11:33
Hasan Kılıç: Gənclərimizə ali təhsildə yeni imkanlar təqdim etmək istəyirik

Bu gün Bakıda Doğu Akdeniz Universitetinin (DAÜ) Azərbaycandakı rəsmi irtibat və tanıtım ofisinin açılış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, açılış mərasimində çıxış edən DAÜ-nün rektoru Hasan Kılıç tədbirin əhəmiyyətini vurğulayıb, Azərbaycanın təhsil məkanında bu ofisin yaradılmasının iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyini bildirib:

“Doğu Akdeniz Universiteti olaraq, bu gün qardaş ölkə Azərbaycanda, Bakıda olmaqdan duyduğumuz qürur və sevinci ifadə edərək sözlərimə başlamaq istəyirəm.

Doğu Akdeniz Universiteti Şimali Kiprdə, Kiprin ən qədim və ən böyük universitetlərindən biridir. 1979-cu ildə qurulmuşdur. Bizim bir çox strateji hədəfimiz var və bu hədəflərdən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsidir.

Bu strategiyanın vacib bir hissəsi kimi, bu gün qardaş Azərbaycan xalqı ilə eyni millətin bir fərdi olaraq əlaqələrimizi daha da gücləndirmək məqsədilə buradayıq. Doğu Akdeniz Universiteti olaraq Azərbaycanda ali təhsilin inkişafına dəstək vermək, universitetimizi tanıtmaq və buradakı gənclərimizə ali təhsildə yeni imkanlar təqdim etmək istəyirik.

Bu çox vacib bir addımdır və biz bu işi Hədəf Şirkətlər Qrupu ilə birgə həyata keçiririk.

Hədəf Şirkətlər Qrupu ilə əməkdaşlığımızın növbəti mərhələsi kimi bu gün burada universitetimizin Bakıdakı rəsmi irtibat və tanıtım ofisini açırıq. Bu ofisin əsas məqsədi universitetimizi daha yaxından tanıtmaqla yanaşı, buradakı tələbələrlə birbaşa əlaqə qurmaq və onlara akademik dəstək göstərməkdir. Bu mərkəz təmsilçilik baxımından çox önəmlidir.

Buradakı bütün qeydiyyat, əlaqə və informasiya prosesi bu ofis vasitəsilə həyata keçiriləcək. Bu bizim üçün çox əhəmiyyətli bir addımdır və onu xüsusilə qeyd etmək istəyirəm: ilk dəfədir ki, Doğu Akdeniz Universiteti Azərbaycanda rəsmi bir təmsilçilik ofisi açır. Bu, illərdir gözlənilən və mənalı bir təşəbbüsdür.

Bu addımın əsasında ölkə prezidentlərimiz – cənab İlham Əliyev, cənab Rəcəb Tayyib Ərdoğan və cənab Ersin Tatarın ortaq görüşlərində müəyyənləşdirdikləri məqsədlər dayanır. Bu görüşlərdə iki ölkə arasında əlaqələrin inkişafı əsas prioritet kimi təqdim olunmuşdu.

Bu gün burada olmaqdan çox məmnunuq. Bizimlə birlikdə Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil Naziri də iştirak edir və bu təşəbbüsə dəstək verir. Baş nazirimizin tapşırıqları ilə burada olmaqdan böyük motivasiya duyuruq.

Ümid edirəm ki, bu təşəbbüs iki ölkə arasında təhsil əlaqələrinin möhkəmləndirilməsində yeni bir səhifə açacaq. Mədəniyyətlərimiz çox oxşardır, eyni kökdən gələn, eyni dəyərləri paylaşan xalqlarıq. Biz universitetimizdə daha çox azərbaycanlı tələbə görmək istəyirik. Eyni zamanda biz də burada olacağıq, nümayəndələr göndərəcəyik.

Bu ofisin açılması yalnız təhsil deyil, mədəni və sosial əlaqələrin də inkişafına töhfə verəcək. Mən fürsətdən istifadə edərək başda prezidentimiz olmaqla, Hədəf Şirkətlər Qrupunun rəhbərliyinə, əməkdaşlarına və bizə göstərdikləri yaxın münasibətə görə dərin təşəkkürümü bildirirəm. Onların sayəsində bu təşəbbüs həyata keçdi.

Ümid edirəm ki, bu tanıtım ofisi təkcə informasiya mərkəzi olaraq deyil, eyni zamanda təhsil imkanlarının mərkəzinə çevriləcək. 

Bu böyük və nüfuzlu qurumla əməkdaşlıq bizim üçün ayrı bir qürur və sevinc mənbəyidir. Buradan bu prosesə töhfə verən bütün tərəfdaşlara təşəkkür edirəm.

İnşallah, bu təşəbbüslə hədəflərimizə çatacağıq. Azərbaycanlı gənclər həm təhsil alacaq, həm də Şimali Kipr Türk Cümhuriyyətinin ali təhsil imkanları ilə yaxından tanış olacaqlar. Xüsusilə də Doğu Akdeniz Universiteti barədə ətraflı məlumat əldə edə biləcəklər”.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox