Azedu.az

MDU və Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb

Universitetlər

24 İyul 2025, 12:30
MDU və Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi MDU-nun rektoru Anar Eminov və ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov imzalayıblar.

MDU-dan AzEdu.az-a bildirilib ki, memorandumun imzalanması münasibətilə rektor Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti ATİB-in ofisini ziyarət edib. Görüş zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, universitet–sənaye əməkdaşlığının yeni mərhələyə keçidi üçün imkanlar müzakirə olunub.

Rektor Anar Eminov universitetin strateji hədəflərindən biri kimi tələbələrin praktiki bacarıqlarının artırılması və əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarının dəstəklənməsini vurğulayıb. O, bu məqsədlə sənaye nümayəndələri ilə birbaşa əməkdaşlığın əhəmiyyətini qeyd edərək, ATİB-lə imzalanan memorandumu bu istiqamətdə atılmış əhəmiyyətli addım kimi dəyərləndirib. Rektor birliyin təqdim etdiyi imkanlara görə təşəkkürünü ifadə edib və bu əməkdaşlığın regionun iqtisadi və sosial inkişafına da töhfə verəcəyinə əminliyini bildirib.

Mürsəl Rüstəmov isə ali təhsil müəssisələri ilə əməkdaşlığın ATİB-in fəaliyyətində mühüm yer tutduğunu bildirərək öz fəaliyyətləri barədə məlumat verib. O, MDU-nun inkişaf meyillərini və əmək bazarının çağırışlarına cavab verən yanaşmalarını təqdirəlayiq hesab etdiyini qeyd edərək, bu əməkdaşlığın həm təhsil alan gənclərə, həm də iş dünyasına fayda gətirəcəyinə inandığını vurğulayıb.

İmzalanan memorandum çərçivəsində tərəflər bir sıra istiqamətlər üzrə əməkdaşlıq etməyi razılaşdırıblar. Bunlara tələbələrin ATİB-ə üzv şirkətlərdə istehsalat təcrübəsinə cəlb olunması, karyera və iş yarmarkalarının təşkili, biznes mütəxəssislərinin universitetdə dərslərə cəlb olunması, innovasiya və startap təşəbbüslərinin dəstəklənməsi, üçtərəfli (Türkiyə tərəfdaşları ilə) layihələrin hazırlanması, təqaüd proqramlarının təşkili və birgə elmi-praktiki tədbirlərin həyata keçirilməsi daxildir. Memorandum, eyni zamanda, ATİB-in üzv şirkətləri ilə MDU arasında daha sıx əlaqələrin qurulmasına, universitet əməkdaşlarının və tələbələrinin peşəkar inkişafına yönəlmiş ixtisasartırma proqramlarının təşkilinə imkan yaradacaq.

Bununla yanaşı, görüş zamanı ATİB-ın üzvü olan iş adamlarının 2025-ci ilin sentyabr-oktyabr aylarında universitetin əməkdaşları və tələbələri ilə görüşlərinin təşkili, universitet məzunlarının işlə təmin olunması məsələləri üzrə müzakirələrin davamının Mingəçevir şəhərində keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, bu memorandum tərəflər arasında səmərəli, davamlı və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına zəmin yaratmaqla yanaşı, ölkədə universitet-sənaye inteqrasiyasının inkişafına da önəmli töhfə verməyi hədəfləyir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox