Azedu.az

Ali təhsilin bahalaşması: Universitetlərdə təhsil haqqının yüksəkliyi problemi

Universitetlər

22 İyul 2025, 13:45
Ali təhsilin bahalaşması: Universitetlərdə təhsil haqqının yüksəkliyi problemi

Müasir dövrdə ali təhsil hər bir gəncin gələcək həyatına yön verən əsas faktorlardan biridir. Azərbaycanda ali təhsil almaq istəyən minlərlə gənc bu yolda müxtəlif çətinliklərlə üzləşir. Onlardan biri də - bəlkə də ən əsası - universitetlərdə təhsil haqqının yüksək olmasıdır. Məhz bu səbəbdən son illərdə azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil almağa üstünlük verməsi geniş vüsət alıb. Azərbaycanda ali təhsil müəssisələrində təhsil haqqının ildən-ilə artması bir çox gəncləri çətin seçim qarşısında qoyur. Son illərdə minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ya universitetdən xaric olunub, ya da öz istəyi ilə təhsildən imtina edib. Dövlət universitetlərində belə illik təhsil haqqı 2000–6500 manat arasında dəyişir. Özəl universitetlərdə isə bu məbləğ ikiqat artıqdır. Aztəminatlı və ya orta gəlirli ailələr üçün bu rəqəmlər olduqca ağır maliyyə yükü deməkdir. Əlavə olaraq, yaşayış xərcləri, nəqliyyat, dərs vəsaitləri və digər gündəlik ehtiyaclar tələbənin ümumi xərclərini daha da artırır.

Universitetlər təhsil haqlarını əsasən müəllim heyətinə ödənişlər, məsrəf xərcləri və infrastrukturun saxlanılması ilə əlaqələndirirlər. Dövlət universitetlərinə ayrılan maliyyə vəsaiti azaldıqca, bu yük tələbələrin üzərinə düşür. Təhsil müəssisələri infrastruktur, texnologiya, müəllim heyətinin maaşları və digər xərcləri qarşılamaq üçün daha çox gəlirə ehtiyac duyurlar. Bu da təhsil haqqı qiymətlərinin yüksəlməsinə səbəb olur.

Yüksək təhsil haqları bir sıra mənfi sosial nəticələrə yol açır. Təhsil haqqının yüksəkliyi imkanlı və imkansız ailələr arasında təhsil imkanlarına çıxış baxımından bərabərsizliyi dərinləşdirir. Gənclər təhsil almaq üçün kredit götürməyə məcbur qalır, bu da məzun olduqdan sonra uzun illər borc içində yaşamağa səbəb olur. Yüksək təhsil haqlarına görə bəzi tələbələr xarici ölkələrdə daha sərfəli və keyfiyyətli təhsil axtarır, nəticədə ölkənin intellektual potensialı zəifləyir.

Türkiyədə təhsil alan bir çox azərbaycanlı tələbə bildirir ki, eyni və bəzən daha yüksək keyfiyyətli təhsil, Azərbaycanla müqayisədə qardaş ölkədə 10–20 dəfə ucuz başa gəlir. Bütün bu imkanlara baxmayaraq, tələbələrin kütləvi şəkildə xaricə üz tutması ölkədə beyin axını problemini dərinləşdirə bilər. Tələbələr yalnız təhsil üçün deyil, sonradan da xaricdə iş və həyat qurmaq məqsədilə ölkəni tərk edirlər. Bu isə uzunmüddətli perspektivdə ölkənin insan kapitalının zəifləməsinə səbəb olur.

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq bir sıra Avropa ölkələrində təhsil haqları aşağıdır. Məsələn, Fransa, Çexiya, Norveç, Finlandiya, İsveçrə kimi ölkələrdə dövlət universitetləri tam pulsuzdur. Almaniyada 2006-cı ildən dövlət təhsil müəssisələrində ödəniş tətbiq olunur. Amma ödənişlərin məbləği elə də yüksək deyil – hər semestr üçün 200-300 avrodan 500 avroyadək, illik isə orta hesabla 500-1000 avro. Avropanın çox nüfuzlu təhsil ocaqlarından olan Berlin Texniki Universitetində bir semestr üçün təhsil haqqı cəmi 250 avrodur. Hazırda bu ölkədə dövlət universitetlərində təhsil alanların təxminən 15-20 faizi ödənişli əsaslarla oxuyur.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə əsasən, bir çox dövlət universitetlərinin təhsil haqqı özəl universitetlərdən, ümumilikdə isə, dünya ölkələrindəki ödənişlərdən də çoxdur: “Təsəvvür edin ki, Azərbaycanda heç bir beynəlxalq reytinq siyahısında olmayan dövlət universitetlərində ödəniş dünya reytinqində ilk yüzlükdə olan universitetlərin təhsil haqlarından daha yüksəkdir. Məsələn, Türkiyədə dövlət ali təhsil müəsisələrində təhsil haqqı 100 manatdan 500-600 manata qədərdir. Hər hansı bir tarix və yaxud da iqtisadiyyat ixtisası bir dövlət universitetində 2 min, digərində isə 3 min manatdır . Bu əlbəttə ki, düzgün deyil. Belə çıxır ki, təhsil haqlarının qiyməti müəyyənləşdirilərkən hər hansı mexanizm yox, ona rəhbərlik edən şəxslərin təklif və ehtiyacları əsas götürülür. Yəni, Azərbaycandakı təhsil haqları ilə Türkiyədə nəinki təhsil haqlarını, hətta yaşam tələbatlarını da ödəmək olar. Eləcə də Gürcüstanda və Ukraynada. Azərbaycan MDB-yə daxil olan dövlətlər arasında təhsil haqqı məbləğinə görə ən yuxarı səviyyədədir. Amma, bizim universitetlərin təhsil haqqı ABŞ və İngiltərənin ən nüfüzlu universitetləri ilə demək olar ki, bərabər səviyyədədir”.

Kamran Əsədov təhsil haqlarının Azərbaycanda orta aylıq əmək haqqı ilə təzad təşkil etdiyini vurğulayıb: "Bu, həm Azərbaycandakı orta aylıq əmək haqqına həm də, beynəlxalq təcrübəyə uyğun deyil. Bu gün Azərbaycan ali təhsil müəsisələrində təhsil haqqının məbləği qaneedici deyil. Hesab edirəm ki, bu həddindən artıq çoxdur. Təhsil haqqı maksimum 1000 manatda artıq olmamalıdır. Çünki, təhsil haqqı Azərbaycanda orta aylıq əmək haqqı və insanların ehtiyac meyarları hesablandıqdan sonra yerdə qalan məbləğ əsasında formalaşmalıdır. Universitetlərin təyin etdiyi məbləğ ilk öncə Elm və Təhsil Nazirliyinə, daha sonra Nazirlər Kabinetinə göndərilir. Onlar da, heç bir dəyişiklik etmədən qəbul edir. Azərbacanda elə bir mexanizm yoxdur ki, təhsil müəsisəsindən soruşsun ki, sən hansı əsasla bu qədər təhsil haqqı qoymusan?”.

Təhsil eksperti ödəniş haqqı məsələlərində rektorların sui-istifadə hallarına yol verdiklərini də, əlavə edib: “Təsəvvür edin ki, bu il Azərbaycan ali təhsil müəsisələrinə qəbul zamanı plan yerlərinin 75 faizini ödənişli əsaslarda qəbul təşkil edib. Bu heç də, normal deyil. Təssüflər olsun ki, universitetlər devalivasiyadan sonra ziyanı dövlətdən kompensasiya etmək əvəzinə özlərinin pula təlabatını tələbələrin təhsil haqlarını artırmaqla ödəyirlər. Tələbənin ödədiyi təhsil haqqının nə müəllimə nə də, tələbənin özünə heç bir xeyri yoxdur. Ödənişli ali təhsil alanla ödənişsiz təhsil alan fərqlənməlidir. Ödənişli təhsil alan tələbəyə daha yüksək təhsil verilməli, onun üçün ayrıca müəllimlər dəvət olunmalıdır. Bu gün Azərbaycanda ödənişli təhsil alanla ödənişsiz təhsil alan eyni qrupda oxuyur və eyni dərsi keçir, eyni də diplom alır. Bu, dünyada qəbul edimiş prinsiplərin Azərbaycanda ölməsidir. Universitetlərin rəhbərləri ciddi şəkildə təhsil haqlarının artmasında maraqlıdırlar. Bu il qəbul imtahanlarında rektorlar təhsil haqlarını aşağı saldılar. Onu əvvəlcədən eləmək lazım idi. Avropa ölkələrinin bir çoxunda dövlət ali məktəblərində təhsil bu ölkələrin öz vətəndaşları üçün tam pulsuzdur. Əhalisinin yaşayış səviyyəsinə, yəni əmək haqqının adambaşına düşən milli gəlirin miqdarına görə, Azərbaycanı azı 15-20 dəfə geridə qoyan inkişaf etmiş Avropa ölkələrinin bir çoxunda dövlət təhsili öz vətəndaşları üçün ya tam pulsuzdur, ya da təhsil haqları olduqca azdır”.

Təhsil eksperti Elmin Nuri deyir ki, Azərbaycan universitetləri dünyanın nüfuzlu ali təhsil müəssisələrindən fərqli olaraq, hələlik özünü maliyyələşdirmə imkanına malik deyil: “Universitetlərin maliyyə müstəqilliyinə nail olması üçün elm-sənaye, elm-innovasiya və elm-biznes əlaqələrinin inkişaf etməsi vacibdir. Əgər bu mexanizmlər qurularsa, ali məktəblər əmək bazarına və biznes sektoruna öz məhsulları və daxili potensialları ilə çıxış edərək büdcələrini formalaşdıra bilərlər. Dünyanın tanınmış universitetləri məhz belə mexanizm sayəsində büdcələrini təmin edir və bu vəsaitlər orada çalışan alimlərin, tədqiqatçıların və laboratoriya işçilərinin maaşlarını qarşılamağa kifayət edir”.

Ekspert qeyd edir ki, bəzi hallarda təhsil haqlarının artırılması universitetlərdə tətbiq olunan yeniliklərin və təkmilləşmələrin maliyyələşdirilməsi üçün zəruri olur: “Təbii ki, bu vəziyyət valideynlərin maddi yükünü artırır. Lakin məsələyə daha dərindən baxdıqda və universitet rəhbərləri ilə ünsiyyətdə haqlı məqamların olduğunu görmək mümkündür. Bu xərclərə müəllim heyətinin saxlanması, infrastrukturun təkmilləşdirilməsi, təhlükəsizlik və digər əlavə ehtiyaclar daxildir. Bəzi hallarda tələbəyə sərf olunan vəsait ondan alınan təhsil haqqını da üstələyir. Bu isə universitetləri təhsil haqlarını artırmağa məcbur edir. Bəzən bu artımlar əsaslı səbəblərlə yox, lüzumsuz hallarda tətbiq oluna bilər. Amma ümumi mənzərə dəyişmədikcə, yəni universitetlər öz potensiallarını inkişaf etdirmədikcə və tələbəyə yalnız gəlir mənbəyi kimi yanaşdıqda, bu prosesin dəyişməsi real görünmür”.

İqtisadçı Rəşad Həsənov da universitetlərin xərclərinə uyğun olaraq təhsil haqqı təyin olunduğunu deyir. Onun sözlərinə görə, universitetin tələbə qəbulu imkanları və bazar iqtisadiyyatı şərtləri nəzərə alınaraq reytinqdən də aslı olaraq ödəniş haqqları müəyyən edilir: "Eyni zamanda hansı universitetə tələb yüksəkdirsə o, universitetlərdə təhsil haqqının müəyyənləşdirilməsi zamanı bu amil nəzərə alınır. Azərbaycanda əhalinin maddi vəziyyəti baxımından məsələyə yanaşsaq, ali təhsilin pullu kateqoriyaya daxil olması dövlət büdcəsinin xərclərinə müsbət təsir göstərsə də, aztəminatlı ailələrin böyük əksəriyyətinin bu xidmətlərdən istifadə imkanları məhdudlaşır. Heç təsadüfü deyil ki, ödənişi ödəyə bilməyəcəyi üçün çoxlu sayda savadlı gənclər ali təhsil almaq imkanlarından kənarda qalır. Hazırda bununla bağlı müəyyən mexanizmlər işlənib hazırlanır. Azərbaycanda müəyyən sosial qruplarla bağlı güzəştlər edilsə də, məsələn qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin övladlarına müəyyən gözəştlər edilir. Əslində bu konsitutsiyanın pozulmasıdır. Çünki konsitutsiyamıza görə, təhsil haqqının hər bir vətəndaş tərəfindən ödənliməsi vacibdir. Bu digər tərəfdən də, diskriminasiyaya gətirib çıxaran, ümumiyyətlə sosial gərginliyi artıran məqamlardandır. Bu baxımdanda müəyyən sosial qrupların təhsil ödənişlərinin dövlət tərəfindən müəyyənləşdirilməsi mexanizmləri aydınlaşdırılmalıdır”

Azərbaycanda təhsilə ayrılan maddi vəsaitin ən az qisminin ali təhsil müəsisələrinə aid olduğunu söyləyən Rəşad Həsənov ali təhsisilin ödənişsiz imkanlarından yalnız ən yüksək qiymətləndirmə balını topalayan tələbələrin yararlana bildiyini bir daha diqqətə çatdırıb: “Burada sosial ədalət prinsipinin pozulması ehtimalı daha çoxdur. Yüksək qiymətləndirmə balı toplayan tələbənin maddi vaəziyyəti əslində çox yüksək ola bilər. Belə bir şəraitdə onun ödənişsiz təhsil almaq haqqından istifadə etməsi əslində digər aztəminatlı azərbaycanlı ailənin övladının təhsil imkanını məhdudlaşdırır. Bu baxımdan ali təhsilin ödənişli təhsil mexanizminin yenidən işlənməsinə ehtiyac olduğunu düşünürəm. Təhsil haqqının hər il artırılmasını məhdudlaşdıran hər hansı bir mexanizm də yoxdur. Təbii ki, universitetlər təhsil haqqını müəyyənləşdirərkən müəyyən arqumentlər ortaya qoyur. Təhsil haqqı hesablanarkən əsasən tələb nəzərə alınır. Bir universitetə tələb çox, onun tələbə qəbulu imkanları məhduddursa, bu zaman tətbiq olunan üsullardan biri təhsil haqqının artırılmasıdır. Ödənişlərin artırılması yolu ilə universitet öz maddi texniki bazasını genişləndirir. Təbii ki, Azərbaycandan söhbət gedirsə burada sui-istifadə halları da var. Xüsusilə bir məsələni nəzərə almaq lazımdır ki, 2008-ci ildən sonra dövlət büdcəsindən ali məktəblərə ayrılan təhsil xərclərində daim azalma olub. Burada əsas prinsip o olub ki, ali təhsil müəsissələri öz-özünü təmin etsin!. Belə olan halda müəyyən səlahiyyətlər də, təhsil müsəsislərinin özlərinə verilir. Elə ixtisaslar var ki, onlara hədindən artıq müraciətlər olur. Bu da, həmin ixtisasa yüksək tələb görüntüsü ortaya qoyur ki, həmin ixtisaslarda təhsil haqqlarının qaldırılmasına şərait yaradır”.

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, ali təhsil müəssisələrində ödənişli təhsilə görə müəyyən edilmiş məbləğ mümkün qədər aşağı salınmalıdır: “Azərbaycanda illik təhsil haqlarının region ölkələrlə müqayisə etdikdə olduqca çox olduğu məlimdur. Hər hansı bir Universitetin turizm işinin təşkili ixtisasının illik təhsil haqqı  Maliyyə ixtisasının təhsil haqqından daha çoxdur. Burada məqsəd az bal toplayan abituriyentləri “tor”a salmaqdır.  Baxın, bütün qruplarda 150 ballıq ixtisaslar var. Həmin ixtisasların illik təhsil haqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsil haqqından daha çoxdur. Niyə? Çünki universitetlər bilir ki, 150-200 bal aralığı yığanlar əlacsızlıqdan, “təki qəbul olum” prinsipilə məhz həmin ixtisasları yazacaqlar. Nəticədə universitet qazanacaq. Halbuki, ödənilən təhsil haqqı, təhsilin keyfiyyətindən yüksəkdir. Alınan məbləğ müqabilində keyfiyyət təhsil verilmir. Tələbənin ödədiyi illik təhsil haqqı ilə ona keçilən dərsin keyfiyyəti  arasında böyük ziddiyyət var. Bir neçə universiteti çıxmaqla Azərbaycanda fəaliyyət göstərən heç bir ali təhsil ocağının “kampus”ları yoxdur, yataqxanalar bərbad vəziyyətdədir, laboratoriyalarında iş aparılmır. Müasir təhsil standartları və innovasiyalara cavab verən təhsil bazaları da yoxdur. Əgər tələbələri bununla təmin etmiriksə, bu qədər yüksək təhsilhaqqı tələbi də səhvdir”.

Nərmin Qarazadə

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox