"Müasir ali təhsil sistemində başlıca məqsədlərdən biri yalnız bilik ötürmək deyil, həm də akademik kadrlar yetişdirməkdir. Lakin son illərdə bir çox universitetlərin müəllim heyətini formalaşdırmaqda göstərdiyi passivlik və qeyri-strateji yanaşma bu məqsəddən uzaq düşdüyümüzü göstərir".
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.
Professor qeyd edib ki, müəyyən universitetlər müəllim ehtiyaclarını təmin etmək üçün öz bünyələrində kadr yetişdirmək əvəzinə, “kənardan hazır kadr” strategiyasına üstünlük verir: "Bu, qısamüddətli dövrdə praktiki görünsə də, uzunmüddətli perspektivdə universitetin akademik kimliyini və davamlı inkişafını zəiflədir. Təəssüf ki, bəzi ali məktəblər bir quruş belə xərcləmədən digər universitetlərin yetişdirdiyi kadrlardan faydalanır və bu təcrübə "qonşudan kadr oğurluğu" kimi xarakterizə oluna bilər.
Bu vəziyyət bir neçə sualı aktuallaşdırır.Niyə universitetlər özləri müəllim yetişdirmək prosesinə yatırım etmirlər?Ali təhsil müəssisəsinin missiyası yalnız hazır kadrı işə götürməkdən ibarətdirmi?Müəllimlərin hazırlanması prosesinə maliyyə, intellektual və pedaqoji baxımdan töhfə verməyən universitetlər necə akademik identitet formalaşdıra bilər?Akademik strateji planınız varmı?Hər şeyi başqa universitetlərin zəhməti üzərində qurmaq etika baxımından doğrudurmu? Öz müəllimini yetişdirməyə maraq göstərməyən universitetlər, sabah necə gələcəyin təhsilini quracaq?
Universitetlər öz müəllimlərini yetişdirmək üçün strateji planlar hazırlamalıdır. Bu, magistratura və doktorantura səviyyələrində məqsədyönlü yetişdirmə proqramlarının tətbiqi ilə mümkündür.Məzunların yerləşdirilməsi ilə bağlı daxili kvotalar, müəllim ehtiyac proqnozları və təqaüdlü yerlər yaradılmalıdır.Ali təhsil müəssisələri arasında "kadr paylaşımı" deyil, "kadr yetişdirmə əməkdaşlığı" mədəniyyəti formalaşmalıdır".