Ali təhsil müəssisələrində effektivlik, hesabatlılıq və performans adına tətbiq edilən yeni idarəetmə modeli bəzən universitetlərin maarifçi və elmi mahiyyətini kölgədə qoyur. Təhsildə səmərəliliyin artması qarşılığında akademik azadlıq və yaradıcılığın zəifləməsi narahatlıq doğurur.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Professor bildirib ki, son illərdə dünya universitetlərinin idarəetmə sistemində “yeni menecerializm” (new managerialism) modeli getdikcə daha çox tətbiq olunur: "Bu model universitetlərin səmərəli idarə olunması, maliyyə dayanıqlılığı və nəticəyönümlü fəaliyyət göstərməsi üçün özəl sektordan köçürülmüş idarəetmə metodlarına əsaslanır. Universitet rəhbərliyi mərkəzləşdirilir, akademik personal performansa görə qiymətləndirilir, hər bir fəaliyyət hesabat və rəqəmlərlə izah olunmağa çalışılır.
Əsas diqqət ölçülə bilən göstəricilərə yönəlir: nəşr sayı, tələbə sayı, beynəlxalq reytinqdə mövqe, cəlb olunmuş qrant və layihələr. Bu yanaşmanın məqsədi universitetləri daha çevik və rəqabətədavamlı qurumlara çevirməkdir. Lakin ali təhsilin fundamental dəyərləri akademik azadlıq, yaradıcı düşüncə, maarifçilik missiyası bu menecerial tərzin kölgəsində qalır.
Yeni menecerializm universitetləri maarifçilik mərkəzi yox, sanki “xidmət müəssisəsi” və ya “bilgi fabriki” kimi təqdim edir. Tələbə isə elm və bilik axtaran subyekt yox, “müştəri” rolunu alır. Belə bir yanaşma, tədrisin keyfiyyətindən çox tələbənin məmnunluğuna üstünlük verilməsinə səbəb ola bilər. Bu isə, bəzi hallarda, tədris tələblərinin yumşaldılması və akademik səviyyənin düşməsi ilə nəticələnə bilər.
Bundan əlavə, müəllimlər və tədqiqatçılar da nəticələrə görə mükafatlandırılmaq üçün rəqabətə cəlb edilir. Nəticədə əməkdaşlıq ruhu zəifləyir, əməkdaşlar bir-birinə qarşı rəqibə çevrilirlər. Elm sahəsində isə sürətli nəticə verən, bazara uyğun tədqiqatlara üstünlük verilir, uzunmüddətli, dərin nəzəri və yerli problemlərə yönəlmiş araşdırmalar diqqətdən kənarda qalır".
Yeni menecerializm bürokratik yükü də artırır
"Akademik heyət bir çox hallarda tədris və tədqiqatdan daha çox, hesabat hazırlamaq, reytinq sisteminə uyğun işləmək və idarəetmə meyarlarına cavab verməklə məşğul olur. Bu, elmi və pedaqoji fəaliyyətin mənəvi tərəfini sönükləşdirir.
Belə bir şəraitdə universitetlər öz ictimai funksiyalarını tənqidi düşüncə yetişdirmək, cəmiyyətin ehtiyaclarına cavab vermək və elmə töhfə vermək kimi əsas missiyalarını itirmək riski ilə üz-üzədirlər. Yeni menecerializm texniki səmərəlilik gətirsə də, təhsil və elmin mahiyyətini rəqəmlərə və audit hesabatlarına tabe etdikcə ali təhsildə keyfiyyət və dəyərlərin eroziyası qaçılmaz ola bilər.
Universitetlər yalnız idarəetmə texnologiyalarının deyil, həm də ictimai məsuliyyətin daşıyıcılarıdır. Ona görə də yeni menecerial yanaşmalar tətbiq olunarkən balans qorunmalı, akademik azadlıq, ictimai fayda və maarifçilik funksiyaları da əsas prinsiplər kimi qəbul edilməlidir".