Azedu.az

İnam uğura aparan yoldur...

Universitetlər

18 İyul 2025, 10:32
İnam uğura aparan yoldur...

Bu gün Lənkəran Dövlət Universitetinin daha bir beynəlxalq uğura imza atmasının şahidi olduq. “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyi tərəfindən keçirilən “QS Stars” audit qiymətləndirməsində Lənkəran Dövlət Universitetinin fəaliyyəti 3 ulduz (“yaxşı”) ilə qiymətləndirildi. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Lənkəran Dövlət Universiteti 3 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə etdi. Bu, regionda fəaliyyət göstərən ali məktəb üçün çox böyük nailiyyətdir və uğura gedən yol heç də asan olmayıb.

…Yaxşı yadımdadır, 9 il bundan əvvəl, 2016-cı ilin yay ayları idi. Yay sessiyası ərəfəsində Lənkəran Dövlət Universitetinə rəhbərlik rektorun vəzifələrini icra edən professor Natiq İbrahimova tapşırılmışdı. Natiq müəllimin ilk qərarlarından biri universitetdə tyutor xidmətinin təşkili ilə bağlı oldu. Bu məqsədlə paytaxtdan mütəxəssis dəvət olundu, lazımi iş şəraiti yaradıldı, əsasən universitetin öz yetirmələrindən 30-a yaxın məzun tyutor kurslarına cəlb olundu. Həmin ərəfədə artıq Natiq müəllimin təşəbbüsü ilə universitetin struktur quruluşunda dəyişikliklər edilmiş, yeni bölmə, şöbə və mərkəzlər yaradılmış, fakültə və kafedralar daha optimal şəkildə yenidən formalaşdırılmış, hər bir struktur bölmə üçün fəaliyyət proqramı hazırlanmışdı. Mənim rəhbərlik etdiyim İnformasiya-kommunikasiya və Kitabxana mərkəzinin qarşısına da o vaxt üçün fantastik görünə bilən vəzifələr qoyulmuşdu.

Qarşıya qoyulan həmin vəzifələrin icrası üçün komanda formalaşdırılmalı, ixtisaslı mütəxəssislər işə cəlb olunmalı, başqa ali məktəblərlə təcrübə mübadiləsi aparılması idi. Regionda, ixtisaslı mütəxəssislərin azlığı şəraitində qarşıya qoyulan vəzifələrin icrası ilk baxışda mümkünsüz görünürdü. Amma, Natiq müəllimlə hər görüşümüzdə onun-Ənvər müəllim, biz bu vəzifələrin öhdəsindən mütləq gələcəyik, bundan ötrü hər nə lazımdırsa ediləcək, deməsi bizi ruhlandırır və həvəsləndirirdi.

Qarşıya qoyulan birinci vəzifə universitetin elektronlaşdırılması məsələsi idi. Məsələnin mahiyyəti ilə yaxından tanış olmaq, işin strukturunu öyrənmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinə ezam olundum. Bu ali təhsil ocağında elektronlaşdırma istiqamətində görülən işlərlə, o işləri görən mütəxəssislərlə tanışlıq mənə çox şey öyrətdi. LDU-da tyutor kurslarının aparılması üçün dəvət olunmuş mütəxəssislə rektorluq səviyyəsində görüşümüz təşkil olundu. Həmin mütəxəssis tədris prosesinin elektronlaşması ilə bağlı məlumat verdi. Bu, bizə görə həmin zaman kəsiyi üçün həqiqətən də fantastika kimi görünürdü. Görüşün sonunda Natiq müəullim məndən “Ənvər müəllim, nə deyirsiz, biz bu işləri LDU-da görə biləcəyik, ya yox?” deyib soruşdu. İçimdən gələn böyük inamla: “bəli, müəllim, öhdəsindən gələrik” - dedim.

Bundan sonra var gücümüzlə işə başladıq. İlk işimiz universitetə İKT sahəsi üzrə mükəmməl bilikləri olan ixtisaslı kadrları cəlb etmək oldu. Beləliklə, universitetdə Mayis Eyniyevin başçılığı ilə Elektron Universitet layihəsi həyata keçirilməyə başlandı. İlk vaxtlar çətinliklərimiz çox idi. Amma, ruhdan düşmürdük. Çünki hər addımda Natiq müəllimin və o vaxt universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dos.İdrak Əskərovun köməyini, dəstəyini hiss edirdik. İşə inamla girişməyimiz və bizə göstərilən qayğı və diqqət, etimad öz bəhrəsini verdi. Biz bacardıq!

Ötən illər ərzində Natiq müəllimin elə ideyalarını həyata keçirdik ki, o ideyalar Azərbaycan təhsilində bir ilk idi, yenilik idi, heç bir ali məktəbdə hələ tətbiq olunmamışdı. Bu gün Lənkəran Dövlət Universitetinin tələbəsi kollokvium və imtahan cədvəlini öz istəyinə uyğun qurur, imtahan biletini ona kompüter verir. Bütün tədris fəaliyyəti elektron bazalaşdırılıb. Hər tədris ilinin əvvəlində tələbə, müəllim, fənn bazalarının yenidən elektronlaşdırılması nəticəsində Elektron jurnal, Elektron dərs cədvəlləri yaradılır və tələbələrin şəxsi kabinetlərinə yerləşdirilir.

Bizim mərkəz təkcə tədris prosesinin deyil, mühasibatlıqda, elmi hissədə, təsərrüfat fəaliyyətində müəyyən vacib və mürəkkəb proseslərin elektronlaşdırılmasını müvəffəqiyyətlə həyata keçirir. Elektron Kitabxana sistemi artıq tam hazırdır və hazırda kitabxana fondunun sistemə yerləşdirilməsi üzərində işlərimiz davam edir.

Çox böyük qürur və sevinc hissi ilə qeyd edirəm ki, bu gün Lənkəran Dövlət Universiteti dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinq sistemlərindən biri olan “Times Higher Education” dünya reytinq siyahısında yer alıb. Belə ki, LDU dünya reytinqində TOP 1001-1500-də qərarlaşıb. LDU çox mötəbər beynəlxalq reytinq agentliyinin - “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin audit qiymətləndirməsində 3 kateqoriya üzrə 5 ulduza (“mükəmməl”) layiq görülüb. Çox sevinirəm ki, bu uğurda bizim Elm, İKT və Kitabxana Mərkəzinin də payı vardır. Buna görə mən ilk növbədə, rektorumuz professor Natiq İbrahimovu, mərkəzimizin əməkdaşlarını, bütün LDU kollektivini və LDU sevərləri, tələbələrimizi ürəkdən təbrik edirəm.

Əminəm ki, hörmətli rektorumuz, professor Natiq İbrahimovun rəhbərliyi altında daha böyük təhsil uğurlarına imza atacaq, Lənkəran Dövlət Universitetinin təkcə elm və tədris ocağı kimi deyil, həm də böyük mədəniyyət mərkəzinə çevrilməsi istiqamətində qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən uğurla gələcəyik. Biz buna inanırıq, inam isə uğurun yarısıdır!

Ənvər Şahqubadbəyli

Elm, İKT və Kitabxana mərkəzinin direktoru

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox