Azedu.az

Professor: Akademik dürüstlük ictimai güvənin qorunmasında vacib amildir

Universitetlər

14 İyul 2025, 13:50
Professor: Akademik dürüstlük ictimai güvənin qorunmasında vacib amildir

"Akademik dürüstlük elmi və tədris fəaliyyətində ədalət, şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanır. Bu anlayış tələbə və müəllimlərin bilik və bacarıqlarını öz əməkləri ilə nümayiş etdirmələrini zəruri edir."

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

Professorun sözlərinə görə, plagiat, saxta nəticələr, imtahan zamanı köçürmə və məlumatların təhrif edilməsi akademik dürüstlüyə zidd hərəkətlərdir:

"ABŞ, Böyük Britaniya və Avstraliya kimi ölkələrdə universitetlər bu sahədə sərt siyasətlər və etik kodekslərlə çıxış edirlər. Məsələn, Harvard Universitetində akademik qeyri-dürüstlük halları ciddi şəkildə araşdırılır və cəzalandırılır. Skandinaviya ölkələrində tələbələr etik dəyərlər üzrə təlimlərə cəlb olunur. Yaponiyada isə dürüstlük “şəxsi ləyaqət” anlayışı ilə əlaqələndirilir. Akademik dürüstlük həm də elmin etibarlılığının və ictimai güvənin qorunması üçün əsas şərtdir. Bu prinsiplərin qorunması universitet mədəniyyətinin əsas dayaqlarından biridir.

Akademik dürüstlük çərçivəsində ədalət, bütün tələbə və müəllimlərə eyni yanaşmanın tətbiq olunması, bilik və bacarıqların obyektiv şəkildə qiymətləndirilməsi deməkdir. Bu, favoritizmin, ayrı-seçkiliyin və qeyri-qanuni üstünlüklərin qarşısını alır.

Şəffaflıq, tədris və tədqiqat proseslərində məlumatların, qaydaların və qiymətləndirmə meyarlarının açıq və aydın şəkildə təqdim edilməsini tələb edir. Şəffaflıq həmçinin müəlliflik hüququna hörmət və istinad qaydalarına əməl etməklə elmi nəticələrin izlənə bilər olmasını təmin edir.

Məsuliyyət isə hər bir iştirakçının – istər müəllim, istərsə də tələbənin – öz elmi və tədris fəaliyyətinə cavabdeh olması anlamına gəlir. Bu, plagiatdan yayınmağı, öz işinə sahiblənməyi və başqasının əməyinə hörmət etməyi əhatə edir. Akademik dürüstlük bu üç prinsipin vəhdətində ali təhsilin və elmi fəaliyyətin etibarlılığını təmin edir",-deyə Z.Məmmədov bildirib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox