Azərbaycan Universitetində 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyası uğurla yekunlaşıb. İmtahan sessiyası iyunun 2-dən iyulun 10-dək keçirilib.
Azərbaycan Universitetindən AzEdu.az-a bildirilib ki, sessiya dövründə universitet rəhbərliyi və müvafiq struktur bölmələri tərəfindən tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflıq prinsiplərinə tam riayət olunması məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib. İmtahan sessiyası ərzində universitetdə fəaliyyət göstərən İmtahan Qərargahı və qərargahın nəzdindəki “İmtahan nəzarət komissiyası”, “Apellyasiya komissiyası” və “İmtahan prosesi üzrə araşdırma komissiyası” imtahanların gedişinə operativ nəzarət edib, komissiyalara daxil olan müraciətlər çevik şəkildə araşdırılıb və müvafiq qərarlar verilib. Sessiya müddətində bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 1122 imtahan keçirilib. İmtahan cədvəlində fənnin alt qrupda mənimsənilməsi səbəbindən toqquşma yaşayan və ya üzrlü səbəbdən imtahanda iştirak edə bilməyən tələbələr üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə əlavə imtahanlar təşkil olunub.
Apellyasiya Komissiyasına 234 ərizə daxil olub, müraciəti müsbət qiymətləndirilən tələbələrin imtahan nəticələri dəyişdirilib. Qeyd edək ki, Azərbaycan Universitetindən bu il 650-yə yaxın tələbə məzun olub, onlardan bakalavriat pilləsi üzrə 4, magistratura pilləsi üzrə isə 24 nəfəri fərqlənmə diplomuna layiq görülüb.