Azedu.az

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

Universitetlər

10 İyul 2025, 16:58
BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

Çin Xalq Respublikasının Lanzhou Maliyyə və İqtisadiyyat Universitetinin nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Bu barədə AzEdu.az-a BMU-dan məlumat verilib.

Qonaqları salamlayan rektor Yaqub Piriyev onları BMU-da görməkdən məmnunluğunu bildirib, Çin və Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərini, Azərbaycanın Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən biri olduğunu, hər iki ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində iqtisadi əlaqələrin daha da möhkəmləndiyini, elm, təhsil sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb. Rektor, xüsusilə son aylarda bu ölkənin ali məktəbləri ilə BMU arasında yaranan münasibətlərə, icra olunan  ikili diplom proqramlarına diqqət çəkib və əməkdaşlığın elmə, eləcə də müasir texnoloji bacarıqlara uyğun kadrların yetişdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

BMU-nun yaranma tarixi, tədris olunan ixtisaslar haqqında məlumat verən Yaqub Piriyev son iki ildə həyata keçirilən mühüm islahatlara, ali təhsil ocağının dünyanın nüfuzlu QS reytinqində ilk 1000-yə daxil olmasına toxunaraq, bunu universitetin böyük uğuru kimi xarakterizə edib. Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti ilə birgə əməkdaşlıq istiqamətlərinə diqqət çəkən rektor bu sırada “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə bağlı ortaq elmi tədqiqatların aparılması, ikili diplom proqramının icrası, tələbələr üçün yay məktəbinin təşkilini və s. qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, Lanzhou Maliyyə və İqtisadiyyat Universitetinin prorektoru professor Huang Hengjun öz növbəsində BMU ilə əlaqələrin qurulmasına maraqlı olduqlarını, əməkdaşlığın hər iki ali məktəbə fayda verəcəyinə inandıqlarını söyləyib.Təmsil etdikləri ali təhsil ocağı haqqında məlumatları diqqətə çatdıran prorektor bildirib ki, universitet Çinin Qansu əyalətinin Lanzhou şəhərində yerləşən və 1952-ci ildə yaranmış  dövlət ali təhsil müəssisəsidir.

Ali məktəbdə maliyyə, iqtisadiyyat, menecment, hüquq, kompüter elmləri, statistika, ümumilikdə 62 ixtisas üzrə kadr hazırlanır. Tədris, əsasən Çin, müəyyən beynəlxalq proqramlarda isə ingilis dillərində aparılan universitetin bakalavr, magistr, doktorantura səviyyələrində 36 min tələbəsi var. O cümlədən bir çox beynəlxalq universitet və akademik institutlarla elmi, tələbə mübadiləsi proqramları həyata keçirir.

Görüş zamanı BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında tədqiqat təşəbbüsləri, birgə ikili diplom, müəllim və tələbə mübadiləsi proqramları, tələbələr üçün yay məktəbinin təşkili, eləcə də digər akademik əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin qarşılıqlı maraq doğuran əlavə mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandum tədris və elmi tədqiqat fəaliyyətinə marağın artırılması, birgə tədqiqatlar üçün təkliflər hazırlamaq, müəllim-tələbə mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır. Sənədə əsasən, tərəflər birgə tədqiqat, ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə üsulları haqqında məlumat mübadiləsi, ətraf mühitin idarə edilməsi üzrə birgə tədbirlərin təşkili və s. istiqamətlərdə əməkdaşlıq üçün razılığa gəliblər.  

İmzalanmanın ardınca qonaqlar BMU-nun tədris korpusları, laboratoriyaları ilə tanış olublar. 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox