Azedu.az

Biz o yerlərə qayıdacağıq...

Universitetlər

10 İyul 2025, 12:55
Biz o yerlərə qayıdacağıq...

“İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan-İrəvan mahalı, Göyçə mahalı, Zəngəzur mahalı-bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir”. Ümummilli lider Heydər Əliyevin bu kəlamını önə çıxarmağımız təsadüfi deyil. Çünki Qərbi Azərbaycanda minlərlə soydaşımızın uyuduğu qəbiristanlıqların, yüzlərlə madi-mənəvi abidələrin vandalcasına dağıdılması, yox edilməsi, viran qoyulması zaman-zaman davam edən erməni şovinizm siyasətinin, bu siyasətin doğurduğu barbarlığın acı yekunudur.

Bu yaxınlarda işıq üzü görən və Azərbaycan cəmiyyəti tərəfindən böyük maraqla qarşılanan “Qərbi Azərbaycan İrsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar” toplusunun I cildinin nəşri ölkəmizin ictimai-siyasi-mədəni həyatında böyük hadisədir və vaxtında yazılmış kitabdır. 5 hesabatdan ibarət olması nəzərdə tutulan “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının I cildinin Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlı qəbiristanlıqlarına həsr edilməsi məntiqi cəhətdən düzgün hesablanıb və bu seçimi tədqiqatçıların uğuru kimi dəyərləndirmək lazımdır. Niyə? Çünki hər bir xalqın, ölkənin qəbiristanlıqları onun maddi-mənəvi irsinin bir hissəsidir, həm də ən kövrək hissəsidir, keçmişinin daşlaşmış yaddaşıdır, əzizlərinin ruhudur, harayıdır. İtirilmiş yurd yerlərində məzarlıqların yox edilməsi insanın yaddaşında ən ağrılı nöqtədir. Doğmalarının itkin düşən məzar yerlərinin düşmən tapdağında qalması nisgilini insan heç vaxt yaddaşından silə bilmir, bu ağrı onu daima təqib edir, haraylayır, yurd yerinə dönməyə çağırır, milli kimliyini, mənliyini silkələyir. İtirilmiş məzar yerləri həm də milli yaddaşımızı silkələyən, oyadan zəngdir. Bu zəng doğmaların itkin ruhlarına, məzarlıqlarına sahib çıxana, onlara qovuşana kimi çalınacaq...

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin məntiqi, müdrik, uzaqgörən siyasəti, Azərbaycan ordusunun gücü, əsgərinin qeyrəti, şücaəti sayəsində vətənimizin ərazi bütövlüyünün bərpa olunması, gözəl Qarabağımızın, Şuşamızın, əzəli yurd yerlərimizin geri qayıtması, ədalətin zəfər çalması sözlə ifadə oluna bilməyəcək möhtəşəm hissdir. 2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə iştirak edən dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə dediyi sözləri xatırlamaq istəyirəm: “İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb”. Ölkə başçısı bu mötəbər tədbirdə birmənalı olaraq deyir ki: “Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək”. “Qərbi Azərbaycan İrsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar” toplusunun I cildinin nəşrini bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirmək lazımdır. Ön sözə istinadən deyə bilərik ki, tədqiqatın əsas məqsədi Ermənistan Respublikasında azərbaycanlılara məxsus maddi-mənəvi irsin ən mühüm komponentlərindən biri olan qəbiristanlıqların hazırkı vəziyyətini sənədləşdirmək, dağıntıların miqyasını və dəyən zərəri müəyyən etməklə daxili və xarici auditoriyanı məlumatlandırmaqdır. Bu məqsəd Prezident İlham Əliyevin dedikləri ilə də üst- üstə düşür. Böyük vətənpərvərlik missiyası, amalı ilə ərsəyə gətirilmiş kitab tədqiqatın həcmi, işlənmə texnologiyası, nəfis tərtibatı ilə Azərbaycan tarixçilik elmində ən fundamental tədqiqat əsəri sayılmalıdır, həm də ölkəmizin bütövlüyünə hesablanmış, vaxtında yazılmış elmi, məntiqi hesabat kimi dəyərləndirilməlidir. Gərgin elmi axtarışların, çəkilən kollektiv əməyin məhsulu olan bu nəşri xalqın, millətin yaddaşını silkələyən ağrı kitabı, dastanı da adlandırmaq olar. Bir xalqın məzarlıqlarının bu cür vəhşiliklə, barbarcasına dağıdılmasını, yox edilməsini kitabda olsa belə, sakitcə oxumaq, şəkilləri laqeydcə seyr etmək çox çətindir, hüznlüdür. Qeyd edək ki, tədqiqatın I cildi Ermənistanın müasir inzibati bölgüsündəki 24 rayonda yalnız azərbaycanlıların yaşadığı 172 təmiz və ermənilərlə qarışıq şəkildə məskunlaşdıqları 105 yaşayış məntəqəsinə dair məlumat bazası olmaqla bərabər, həm də o yerlərin qəbiristanlıqları haqqında informasiya mənbəyidir.

Peyk təsvirlərindən, müasir texnologiyaların verdiyi imkanlardan istifadə həm tədqiqatın elmiliyini, dəyərliliyini artırır, həm də sözügedən məkanlar barədə dəqiq fikir formalaşmasına yardımçı olur. Mənə elə gəlir ki, nəşr olunmuş bu hesabat daşıdığı məna yükünə, böyük vətənpərvərlik missiyasına görə hər bir azərbaycanlının, həmçinin vətəndən kənarda yaşayan soydaşlarımızın stolüstü kitabına çevrilməlidir. Yaşlı, orta, gənc nəsil-fərqi yoxdur, damarından azərbaycanlı qanı axan hər bir yurddaşımız bu kitabı oxumalı, məlumatlanmalı, baş verənlərdən ibrət dərsi çıxarmalı, təbliğinə yardımçı olmalıdır. Xatırladaq ki, toplunun I cildi Ermənistan Respublikası ərazisində vaxtilə azərbaycanlıların dəfn olunduğu 201 qəbristanlığın müasir peyklər vasitəsilə təsviri, tədqiqi, tarixi-müqayisəli təhlili və monitorinqini özündə əks etdirən zəngin bir mənbədir, fundamental tədqiqatdır. Tədqiqat işində dünya ölkələrinin kitabxanalarında saxlanılan XIX-XX əsrlərə aid hərbi-topoqrafik xəritələrdən, 1960-1980-ci illərin məxfilik qrifi götürülən kəşfiyyat peyklərinin təsvirlərindən istifadə olunması onun elmiliyini və dəyərini artırır. “Siz gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz.

Ata- babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”. 2002-ci ilin 13 sentyabrında Goranboy rayonunda yeni salınmış Aşağı Ağcakənd qəsəbəsinin açılışındakı bu nitqi ulu öndərin doğma yurd-yuvalarından didərgin düşənlərə təsəllisi deyildi, dahiyanə uzaqgörənliyi idi, inamı idi, qətiyyəti idi. Bu inam və qətiyyəti biz Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdə də görürük: “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq”. “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının nəşrini bu inamın məntiqi davamı hesab edir, kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürümüzü bildirir, hesabatın davamını gözləyirik. O yerlərə qayıdacağımız, soydaşlarımızın məzarlarını ziyarət edəcəyimiz gün isə uzaqda deyil...


Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox