“Bu gün universitetimizin təhsilin bütün səviyyələri üzrə 2422 gənc məzunu var”.
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova universitetin Məzun günü tədbirində çıxışı zamanı qeyd edib.
“Əlbəttə, bu, çox böyük bir rəqəmdir. Bu gün universitet növbəti buraxılışını həyata keçirir və 2422 gəncə həyata bir yol açır. Bu isə çox böyük bir gündür.
İllər öncə siz gənclər bizim universitetə qədəm qoymusunuz. Universitetimizdə müxtəlif mühəndis sahələrində mütəxəssis olmaq üçün – memar, inşaatçı, İT mütəxəssisi, nəqliyyat, informasiya texnologiyaları, mexanika sahələrində mütəxəssis olmaq üçün universitetə qəbul olunmusunuz. İqtisadiyyat sahəsində mütəxəssis olmaq üçün bu universiteti seçmisiniz və burada təhsil almısınız.
Əminəm ki, siz müəllimlərinizi unutmayacaqsınız və onları minnətdarlıqla, ən xoş xatirələrlə yad edəcəksiniz.
Bu gözəl gündə mən ilk növbədə bizim professor-müəllim heyətinə dərin minnətdarlığımı bildirirəm. Onları təbrik edirəm və çətin, məsuliyyətli fəaliyyətlərində böyük uğurlar arzu edirəm”.