2024-cü il üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul planı açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ümumilikdə 58 416 plan yeri təqdim olunub. Onlardan 41 475-i Azərbaycan bölməsi, 3 245-i rus bölməsi, 13 696-sı isə hər iki bölmənin abituriyentləri üçün birgə müsabiqə əsasında nəzərdə tutulub.
AzEdu.az xəbər verir ki, ən çox qəbul planı Bakı Dövlət Universitetinə ayrılıb - ümumilikdə 6 116 yer. Bu göstərici ilə BDU ölkənin ən iri tələbə qəbulu həyata keçirən ali məktəbi olaraq liderliyini qoruyur. Növbəti sıralarda 3 805 yer ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 3 749 yer ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və 4 155 yer ilə Azərbaycan Dövlət İqtisad Universiteti gəlir.
Rus bölməsi üzrə ən çox yer Bakı Slavyan Universitetinə (365), Azərbaycan Dillər Universitetinə (325) və BDU-ya (705) ayrılıb.
Xüsusi layihə əsasında yaradılmış İtaliya-Azərbaycan Universitetinə cəmi 67 yer ayrılıb. ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Musiqi Akademiyası, Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan İlahiyyat İnstitutu kimi ixtisaslaşmış təhsil müəssisələrinin də qəbul planları məhdud saydadır. Məsələn, ADA universitetinə yalnız 253 yer ayrılıb və onlar yalnız birgə müsabiqə əsasında qəbul alıb.
Univeritetlərin regional bölgüsü də diqqət çəkir. Lənkəran Dövlət Universitetinə 2 055, Sumqayıt Dövlət Universitetinə 1 689, Gəncə Dövlət Universitetinə 1 758 və Mingəçevir Dövlət Universitetinə 1 670 plan yeri ayrılıb. Qarabağ Universitetinin builki qəbul planı isə 1 119 nəfər təşkil edir.
Qəbul imtahanlarında iştirak üçün bu il ümumilikdə 113 485 abituriyent sənəd verib. Bu, ötən illə müqayisədə 9.12% artım deməkdir.