Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təntənəli Məzun Günü keçirilib.
Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib.
Universitetdən bildirilib ki, Bakı Kristall Zalda keçirilən Məzun Günündə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, Ağdam, Füzuli və Xocavəndə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi, UNEC-in fəxri məzunu Emin Hüseyov, digər dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi açılışında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad olunub, Dövlət Himni səsləndirilib. Sonra Elmi Şuranın üzvləri UNEC himninin sədaları altında səhnəyə dəvət olunublar.
Açılış nitqi ilə çıxış edən rektor, professor Ədalət Muradov bu ilki Məzun günün Qarabağ Zəfərinin 5-ci ildönümünə, eyni zamanda UNEC-in 95 illik yubileyinə təsadüf etməsini tarixlə zamanın, zəfərlə təhsilin bir araya gəldiyi müqəddəs an adlandırıb. Prezident İlham Əliyevin təhsilə verdiyi prioritet yanaşmanın ölkədə ali təhsilin, o cümlədən UNEC-in inkişafına güclü zəmin yaratdığını deyən rektor, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsildə mədəni irsə, insani və milli dəyərlərə verdiyi önəmin UNEC-in missiyasının ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.
Rektor 2025-ci ildə UNEC-dən 3740 nəfəri bakalavr, 2277-si magistr olmaqla, ümumilikdə 6017 tələbənin məzun olduğunu deyib. O, bu günkü tarixin hər bir məzunun şəxsi zəfəri, universitetin qüruru, cəmiyyətin isə ümidi olduğunu deyib.
Məzunlara gələcək həyatları ilə bağlı dəyərli tövsiyələrini çatdıran rektor Ədalət Muradov, sonda məzunlara, onlara hər zaman dəstək olan valideynlərə və fədakar müəllimlərə səmimi təşəkkürünü bildirib. Məzunların hər zaman UNEC ailəsinin ayrılmaz bir parçası olduğunu vurğulayan rektor, onlara gələcək həyat və karyera yollarında uğurlar arzulayıb.
Fəxri məzun qismində çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseyov məzunları təbrik edərək UNEC-dəki tələbəlik illəri barədə səmimi xatirələrini bölüşüb. O, bu universitetdə yalnız biliklər deyil, həm də dəyərlər qazandığını, həyat yolunu müəyyənləşdirdiyini vurğulayıb. 95 illik zəngin tarixə və möhkəm təməllərə malik olan UNEC-in bu gün də çağdaş təhsil modellərinə uyğun inkişaf etdiyini qeyd edən Emin Hüseynov, məzunlara daima özlərini təkmilləşdirməyi, biliklərini artırmağı, özünə inamlı olmağı, fərqlənməyi və yeniliklərə açıq olmağı tövsiyə edib. O, işğaldan azad olunmuş torpaqların bərpası yolunda UNEC məzunları ilə birgə addımlayacağından əminliyini ifadə edib.
Çıxışdan sonra rektor Ədalət Muradov UNEC-in fəxri məzunu Emin Hüseynova onun bütün qiymətlərinin “Əla” olduğu bakalavr diplomunun əlavəsini təqdim edib. Gözlənilməz sürpriz Fəxri məzun Emin Hüseynova olduqca duyğulu anlar yaşadıb.
Məzun Günündə UNEC-in Universitet Daxili İki Diplom proqramının 8 məzununa, eyni zamanda, UNEC-in Fransanın Montpellier universiteti ilə ikili diplom proqramını uğurla bitirən 14 məzuna diplomlar təqdim edilib.
UNEC-i bakalavr səviyyəsi üzrə ən yüksək ortalama (99,2) ilə bitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi Günay Şamilzadə çıxış edərək, bu illər ərzində ona dəstək olan valideynlərinə, müəllimlərinə və tələbə yoldaşlarına təşəkkürünü bildirib.
Məzunların andiçmə mərasimindən sonra UNEC-in bayrağı III kursu ən yüksək ortalama ilə bitirən tələbəyə təqdim edilib.
Məzun Günü ənənəvi və həyəcanlı “papaqatma” mərasimindən sonra Murad Arifin ifasında populyar mahnılarla və məşhur DJ-lərin musiqi nömrələri ilə davam edərək, məzunlara sevincli və unudulmaz anlar yaşadıb.