Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramının (BMU-İNHA İDP) məzunları üçün Koreya Respublikasında 2024/2025-ci tədris ili üzrə buraxılış mərasimi təşkil edilib.
AzEdu.az xəbər verir ki, BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, İNHA Universitetinin professor-müəllim heyəti və məzunların qatıldığı mərasim Azərbaycan və Koreya respublikalarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə universitetin tədqiqat və xarici əlaqələr üzrə prorektoru Voonghee Kim və Qlobal Təhsil Layihə Qrupunun dekan müavini Eunvook Chang IV kursu İNHA Universitetində bitirən 83 məzundan 3 nəfərə - Elton Sətiyev (İnformasiya Texnologiyaları ixtisası), Şahanə Mirəliyeva (Elektrik mühəndisliyi), Mədinə Nurizadəyə (Elektronika mühəndisliyi) “Şərəf" sertifikatını, eyni zamanda Şahanə Mirəliyeva və Murad İbrahimliyə (İnformasiya Texnologiyaları) “Tələbə təmsilçisi" sertifikatını təqdim ediblər.
Sonra Voonghee Kim və Eunvook Chang məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.
Məzunlardan Amani Sultanov (İnşaat mühəndisliyi) və Nərmin Teymurlu (Elektronika mühəndisliyi) tələbələr adından çıxış ediblər.
Tədbir ənənəvi “papaq atma” mərasimi ilə başa çatıb.
İNHA-dan məzun olan 83 nəfər tələbənin Bakıya qayıtdıqdan sonra BMU-da müdafiə prosesi gözlənilir. Müdafiədən sonra tələbələr 2 diplom alacaqlar və BMU-da “Məzun günü” keçiriləcək.
3+1 modelinə əsaslanan BMU-İNHA beynəlxalq ikili diplom proqramı çərçivəsində ümumilikdə 319 tələbə təhsil alır. Onlar 3 il BMU-da, 1 il isə İNHA Universitetində təhsil almaq hüququna malikdirlər.
Proqram çərçivəsində bu il daha 114 tələbənin İNHA Universitetində təhsilini davam etdirmək üçün Koreyaya yola düşəcəyi gözlənilir. Tələbələrin yaşayış, təhsil, səfər və sığorta xərcləri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qarşılanır.