Hazırda Yaxın Şərqdə gərginlik səngimək bilmir. İran və İsrail arasında artan hərbi-siyasi münaqişə, təkcə region ölkələrini deyil, burada təhsil alan və ya almağı planlaşdıran xarici tələbələri də narahat edir. Gərgin beynəlxalq münasibətlər fonunda bu iki ölkədə təhsil almaq istəyi həm çətinləşir, həm də müxtəlif suallar doğurur.
Bütün bu mürəkkəb geosiyasi fonda belə, xaricdə təhsil almaq arzusu minlərlə azərbaycanlı gənc üçün önəmli bir hədəf olaraq qalır. Gənclər təhsil imkanlarını genişləndirmək, peşəkar bilik və beynəlxalq təcrübə qazanmaq məqsədilə dünyanın müxtəlif ölkələrinə üz tuturlar. Lakin bəzi istiqamətlər, xüsusilə də İran və İsrail kimi münaqişəli regionlara maraq daha ehtiyatla qarşılanır.
Bu baxımdan, sual yaranır: Hazırda İran və İsraildə nə qədər azərbaycanlı tələbə təhsil alır?
Mövzu ilə bağlı AzEdu.az Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb.
Komitədən verilən məlumata görə, 2024–2025-ci tədris ilinin əvvəlinə qədər dövlət xətti ilə İran İslam Respublikasında və İsraildə təhsil alan Azərbaycan vətəndaşı yoxdur.
Bu o deməkdir ki, adıçəkilən ölkələrdə azərbaycanlı tələbələr varsa, onlar yalnız şəxsi təşəbbüs və öz maliyyə vəsaiti hesabına təhsil alırlar. Dövlət proqramları və ya hökumətlərarası razılaşmalar çərçivəsində isə bu ölkələrə tələbə göndərilməyib. Xüsusilə İranda təhsil almaq istəyənlər əsasən şəxsi təşəbbüslə və fərdi əlaqələr vasitəsilə bu ölkəyə üz tuturlar və adətən dini yönümlü ixtisaslara üstünlük verirlər.