Universitetimiz 2018-ci ildə "UNEC 100" strategiyasını qəbul edib. "UNEC 100" ona görə ki, universitetin 100 illiyinin 2030-cu ildə qeyd ediləcəyi tarixə qədər qarşıya qoyulan strateji hədəflər müəyyən edilib.
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov UNEC-in 95 illik yubileyinə həsr edilmiş tədbirdə qeyd edib.
"7 strateji məqsəd və 31 hədəfimiz var. Ən böyük hədəfimiz isə dünyanın 500 ən yaxşı universiteti sırasına daxil olmaqdır. Və düşünürəm ki, bu gün səsləndirdiyimiz yeni işlərdən sonra universitetimiz bu hədəfə olduqca çox yaxınlaşıb.
Universitetimizdə rəqabət mühitini qura bilmişik və bunu ən böyük uğurlarımızdan biri kimi hesab edirik. Müəllimlərin maaşı differensial əmək haqqıdır. Bu əmək haqqını müəllimlərimizin reytinq sistemi əsasında müəyyən edirik. Bununla bağlı xüsusi proqram təminatımız var.
Reytinqdə ilk 10-luğa çıxan müəllimlərin əməkhaqqısı 2 dəfə, 11-dən 30-a qədər yer tutan müəllimlərin əmək haqqısı 70% artırılır və s. Bu gün universitetimizdə reytinqdə qalib gələn müəllimlərin 7000–8000 manat maaş alması realdır".