Azedu.az

Hansı tələbələr diplomlarını daha tez ala biləcək? - SORĞU

Universitetlər

20 İyun 2025, 09:22
Hansı tələbələr diplomlarını daha tez ala biləcək? - SORĞU

Universitetlərdə diplomlar adətən ixtisaslar üzrə müəyyən olunmuş ardıcıllığa əsasən təqdim edilsə də, bəzi hallarda istisnalar olur.


Belə ki, fərqlənmə diplomu ilə məzun olan tələbələr, eləcə də şəhid ailəsi üzvü olan gənclər diplomlarını daha erkən mərhələdə alırlar.

 

Bəs görəsən, universitetlərdə bu ardıcıllıq necədir?

 

Mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.

 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirilib ki, diplom blanklarının universitetə təqdim olunması üçün ali təhsil müəssisəsi tərəfindən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə rəsmi məktub ünvanlanır:

 

"Agentlik həmin məktuba əsasən diplom blanklarını universitetə təhvil verir. Diplom blankları fakültələr üzrə hazırlanır və bu proses müəyyən ardıcıllıqla həyata keçirilir. Lakin magistratura təhsilini xaricdə almaq hüququ qazanan və ya əmək fəaliyyətinə başlayan məzunlar diplomun daha tez verilməsi üçün universitetə fərdi qaydada müraciət edə bilərlər. Bu hallarda onların diplomları prioritet qaydada hazırlanaraq təqdim edilir".

 

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova qeyd edib ki, diplomların verilməsində kateqoriya üzrə öncəlik yoxdur:


"Hər kəsə eyni qaydada diplom təqdim olunur".

 

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova söyləyib ki, diplomların verilməsi ilə bağlı mövcud qaydalara əsasən tələbələr məzun olandan sonra 10 gün müddətində onlara diplomların verilməsi üçün Respublika Elm və Təhsil Nazirliyinə müraciət edilir:

 

"Nazirlik diplomları universitetə təqdim edən kimi bütün məzunlara verilir, bu barədə universitetin rəsmi fb, instaqram səhifələrində məlumat paylaşılır ki, hansı fakültənin məzunlarına hansı günlərdə diplomlar təqdim ediləcək.Milli Qəhrəman övladları, şəhid ailəsinin üzvləri, qazilər və s. imtiyazlı qruplardan olanlara sözsüz ki, güzəşt olunur, növbədənkənar verilir".

 

Gəncə Dövlət Universitetindən (GDU) verilən məlumata görə, diplomlar ETN-dən gələndən sonra ixtisaslar üzrə içi yazılaraq, hazırlanır:

 

"Daha sonra fakültələrə məlumat verilir, tələbələr özlərinə uyğun olan vaxt yaxınlaşıb götürür".

 

Dövlət Gömrük Komitəsinin Akademiyasından bildirilib ki, akademiya olaraq biz çalışırıq ki, məzunlarımıza eyni vaxtda diplomlarını təqdim edək:

 

"Təbii ki, hamıya eyni qayda ilə, lakin istisna hallar olarsa (xaricdə qəbul və s.) vaxt baxımından nəzərə alınır".

 

Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd edib ki, diplomların verilmə ardıcıllığı tələbələrin müraciəti əsasında formalaşır:

 

"Belə ki, əvvəl xarici ölkələrin universitetlərinə qəbul olan məzunların, sonra müxtəlif səbələrlə diploma təcili ehtiyacı olanların diplomları verilir. İmtiyazlı kateqoriyadan olan tələbələrin diplomları da müraciətləri əsasında daha tez hazırlanıb verilir. Diplomların verilməsinə iyul ayından başlanılır".

 

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat katibi Sədaqət Turabova vurğulayıb ki, ATMU da diplomların verilməsi xüsusi təyin olunmuş günlərdə həyata keçirilir:

 

"Təcili diplom əldə etmək istəyənlər ərizə ilə müraciət etdirlər, onlara daha operativ şəkildə xüsusi günləri gözləmədən təhvil alırlar".

 

ADA universitetindən verilən məlumata əsasən, universitetdə diplomlar fərqli günlərdə fakültələr üzrə təqdim olunur.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərovanın sözlərinə görə, bütün tələbələrə diplomlar eyni vaxtda təqdim olunur.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, universitetdə diplomların verilməsi qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir:

 

"Məzun olan tələbələrin siyahısı əmrlə bigə vahid şəkildə nazirliyə göndərilir, diplomlar nazirlikdə müvafiq prosedurlar icra olunduqdan sonra tələbələrə təqdim edilməsi üçün universitetə göndərilir. Diplomlar universitetə daxil olduqdan sonra müvafiq qaydada imzalanır, möhürlənir və tələbələrə təqdim edilir. Təqdim edilmə prosesində standart ardıcıllıq qaydası yoxdur və bütün tələbələrə bərabər imkanlar yaradılır.

 

Lakin diplomların universitet tərəfindən təqdim edilməsi zamanı şəhid və qazi ailələrindən və digər həssas qruplardan olan tələbələr fərdi qaydada müraciət edərlərsə, müəyyən güzəştlər edilir. Həmçinin, xarici ölkə universitetlərində təhsil və ya əmək fəaliyyəti ilə bağlı diplomların təcili təqdim edilməsi zərurəti yarandıqda da fərdi qaydada müraciətlərə baxıla bilər".

 

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şahanə Müşviq bildirib ki, ADMİU-da 1, 3, 5-ci günlər, saat 10-14:00 arası diplomlar verilir:

 

"Adi, qırmızı diplomların ardıcıllığında fərq yoxdur, kim nə zaman müraciət etsə götürə bilər. Şəhid, qazi ailələri, milli qəhrəmanın övladlarına isə ehtiyac olduqda növbədənkənar diplomların verilməsi baş tutur".

 

Azərbaycan Dillər Universitetindən (ADU) verilən məlumata görə, diplomlar bu ardıcıllıqla verilir:

 

"İlk olaraq fərqlənmə diplomları təqdim olunur. Ardınca şəhid ailələrinin üzvləri, qazilər və Milli Qəhrəman övladlarına diplomlar verilir. Daha sonra oğlan tələbələrin diplomları təqdim edilir. Bildiyiniz kimi, oğlanlar hərbi xidmətə yollana, xaricə müraciət edə və ya dövlət qurumlarına sənəd təqdim edə bilirlər. Bu səbəbdən onların diplomları əvvəlcədən hazırlanır və təqdimatda öncəliyə malik olurlar.

 

Bəzi hallarda şəhid ailələrinin üzvləri və Milli Qəhrəman övladları üçün ümumiyyətlə növbə tələb olunmur. Onlar sadəcə yaxınlaşaraq diplomlarını həmin gün əldə edə bilirlər. Sonda isə digər tələbələrə, yəni adi diplom alan məzunlara diplomlar təqdim olunur".

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ANDSU) aldığımız məlumata görə, universitetdə diplomlar hər kəsə eyni vaxtda verilir:

 

"Daha doğrusu, sifariş eyni vaxtda verilir. Nə qədər məzun olacaq şəxs varsa, onların diplomları birlikdə sifariş olunur. Sadəcə olaraq, xaricdə təhsil almağa gedənlər, ondan sonra işlə, fəaliyyətlə bağlı tez müraciət edənlər olur. Onların diplomları universitetdə bir az qabağa salınır.

 

Amma əvvəllər belə olub ki, fərqlənmə ilə bitirənlərə diplomlar əvvəl verilib. İndi isə elə deyil. Hazırda bütün məzunların diplomları eyni vaxtda sifariş olunur. Xüsusi istisna hallarda, dediyim kimi, xaricdə təhsil almağa gedənlər və ya hansısa bir problemlə, işlə bağlı müraciət edənlər diplomu tez almaq istəyirlər. Biz də onları növbə olaraq bir az əvvələ salırıq".

 

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox