Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin II kurs tələbəsi Nicat Kərimli Vətən müharibəsi şəhidləri – Cəsarət Səfərov və Şahmar Səfərovun əziz xatirəsinə həsr olunmuş karate üzrə reytinq turnirində kişilər arasında - 75 kg çəki dərəcəsində 1-ci yerə layiq görülüb.
Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib. Bildirilib ki, 20-21 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr, gənclər, U21, böyüklər və parakarateçilər arasında reytinq xarakterli karate turniri keçirilib.
Qeyd edilib ki, N.Kərimli 5 qat Respublika çempionu, Şotokan növü üzrə 3 qat Dünya, 3 qat Avropa çempionu və tələbələr arasında avropa oyunlarının ikincisidir.