Azedu.az

Rektorlar haqqında nə bilirik? - Gülçöhrə Məmmədova...

Universitetlər

Müəllimlər və elm adamları

26 May 2025, 12:28
Rektorlar haqqında nə bilirik? - Gülçöhrə Məmmədova...

Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.

 

Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?

 

AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparıb.

 

Araşdırmamızda bu dəfə Azərbaycan Memarlıq və İnşaat Universiteti var

 

Bu ali təhsil müəssisəsinə hazırda Gülçöhrə Məmmədova rəhbərlik edir.

 

Gülçöhrə Məmmədova 23 aprel 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir.

 

1975-ci ilin sentyabr ayında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun komsomol komitəsinin katibi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə həmin institutun memarlıq konstitusiyaları və abidələrin bərpası kafedrasında assistent vəzifəsində işə başlamışdır. 1987-ci ildən həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti, 2000-ci ildə isə professoru vəzifəsinə seçilmişdir. 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilmişdir.

 

Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləmişdir.

 

1985-ci ildə "Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı" mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə "Qafqaz Albaniyasının dini memarlığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

 

Bir çox beynəlxalq elmi konfransların təşkil olunmasında iştirak edib və məruzələrlə çıxış etmiş, memarlıq abidələrinin bərpası ilə bağlı bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir.

 

2000–2005-ci il tarixində Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur.

 

1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. Beynəlxalq Elmlər Akademiyası Şərqi Avropa Bölməsinin və Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür. 21 aprel 2006-cı ildə ona "Azərbaycan Respublikası Əməkdar memarı" fəxri adı verilmiş, 11 aprel 2013-cü ildə "Şöhrət" ordeni, 14 iyun 2016-cı ildə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.

 

Ailəlidir, iki övladı vardır.

 

26 ildir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru vəzifəsində çalışır.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox