Son illər dünyada təhsil sahəsində baş verən sürətli dəyişikliklər və texnologiyanın inkişafı ali təhsil müəssisələrinin yenidən düşünülməsini zəruri edir. Ötən günlərdə AzEdu.az-a müsahibə verən UNEC-in rektoru Ədalət Muradov bu çağırışlara cavab olaraq yeni bir universitet modelinin hazırlanmasının vacibliyini vurğulayıb.
Maraqlıdır, yeni universitet modelinin əsas xüsusiyyətləri nələr ola bilər?
AzEdu.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis, UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli bildirib ki, Azərbaycan ali təhsil müəssisələrinin dünyaya inteqrasiyası sahəsində bəzi çətinliklər mövcuddur:
Onlayn təhsilin qanuniləşdirilməsi vacibdir
“Mövcud vəziyyətdə ali məktəblərin dünyaya inteqrasiyasında problemlər daha çox texnoloji çatışmazlıqlarla bağlıdır. Ədalət müəllimin vurğuladığı kimi, yeni universitet modeli növbəti 5 və ya 10 ilin yol xəritəsi olaraq hazırlanmalıdır. Bu model çərçivəsində universitetlərin texnoloji cəhətdən təmin olunması, eyni zamanda distant və onlayn təhsil modellərinin ölkə daxilində qanuniləşdirilməsi və tətbiqinə başlanılması olduqca vacibdir".
Layihə yönümlü təhsil modeli ön planda olmalıdı
Vüsal Kərimli əlavə edib ki, universitetlərin tələbələrin bilik və bacarıqlarını qiymətləndirmək üçün daha çox startap yönümlü layihələrin inkişafına fokuslanması lazımdır:
“Düşünürəm ki, universitet mühitinin səmərəliliyi yalnız layihələrin inkişafına önəm verildikdə təmin oluna bilər. Texnologiyanın inkişafı təhsilə müsbət təsir göstərir və işimizi asanlaşdırır. Amma hazırkı şəraitdə bəzi istiqamətlərdə hələ də çətinliklərlə üzləşirik”.