Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 5–16 may tarixlərini əhatə edən “Elmdə Addımlar: TEC Günləri” çərçivəsində tələbə və magistrantların 47-ci ənənəvi elmi konfransı öz işinə başlayıb. Builki konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub. Konfransın moderatorluğunu Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Günel İmamquliyeva həyata keçirib.
Bu barədə AzMİU-dan AzEdu.az-a bildirilib.
Plenar iclasda çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ümummilli liderin elmin və təhsilin inkişafı sahəsində gördüyü misilsiz xidmətlərdən bəhs edib. Rektor deyib ki, Heydər Əliyev Azərbaycanın gələcəyini bilikli, milli ruhlu və müasir dünyagörüşünə malik gənclərdə görür, bu istiqamətdə dərin islahatlar həyata keçirirdi. Rektor, eyni zamanda Ulu Öndərin AzMİU-nun yaradılması və inkişafındakı xüsusi rolunu vurğulayaraq, universitetin bu gün müasir tələblərə cavab verən mühəndis və memar kadrlar hazırlayan nüfuzlu elmi mərkəzə çevrildiyini diqqətə çatdırıb.
Ardınca Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov çıxışında təhsilin inkişafı istiqamətində atılan mühüm addımlardan danışıb. O bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə 800-dən çox ümumtəhsil müəssisəsinin inşası həyata keçirilib ki, bu da təhsilə verilən əhəmiyyətin bariz nümunəsidir.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə isə çıxışında ümummilli liderin yalnız siyasi və dövlət xadimi kimi deyil, həm də yüksək estetik zövqə malik, memarlığa və şəhərsalmaya böyük önəm verən şəxsiyyət olduğunu vurğulayıb.