Xəbər verdiyimiz kimi, ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib.
Bəs görəsən, yeni yaradılan hansı ixtisasların tədrisi həyata keçirilməsi planlaşdırılır?
AzEdu.az mövzu ilə bağlı universitetlərə növbəti sorğu ünvanlayıb.
Sorğumzua cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, əmək bazarının və müasir dövrün tələblərinin, həmçinin də Təhsil ixtisasları qrupu üzrə işçi qrupun ilkin qərarları nəzərə alınmaqla, “Korreksiyaedici təlim” ixtisasının adı “Xüsusi pedaqogika”, “İnformatika müəllimliyi” ixtisasının adı “İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının adı isə “Riyaziyyat, informatika və rəqəmsal bacarıqlar müəllimliyi” adı ilə əvəzlənib. Bundan əlavə, cari ildən yeni yaradılan "Fizika və riyaziyyat müəllimliyi" ixtisasına qəbul aparılacaq:
“Magistratura və doktorantura səviyyələri üzrə son illərdə müxtəlif yeni ixtisasaşmalar yaradılıb, burada təhsil idarəetməsi ixtisaslaşmaları geniş yer tutur. Hazırda əmək bazarının tələblərinə uyğun yeni ixtisaslaşmaların da yaradılması İşçi qrupda müzakirə edilir”.
Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd edib ki, BMU-da yeni ixtisasların açılması nəzərdə tutulur:
“Yaxın vaxtlarda Qəbul Planı müvafiq dövlət qurumları tərəfindən tam təsdiq olunandan sonra bu barədə geniş məlumat veriləcək”.
Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova söyləyib ki, 2025/2026-cı tədris ilində qəbul planı layihəsi Elm və Təhsil Nazirliyinə təqdim edilmişdir:
“2026/2027-ci tədris ilində 3 yeni ixtisas (Heyvandarlıq, Kənd təsərrüfatı texnologiyaları, Sənaye mühəndisliyi) üzre kadr hazırlığı aparılması planlaşdırılır və bu istiqamətdə işlər görülür”.
Bakı Slavyan Universitetindən (BSU) məlumat verilib ki, 2025/2026-cı tədris ilində Bakı Slavyan Universitetində Regionşünaslıq (Mərkəzi Asiya ölkələri üzrə) ixtisaslaşması üzrə ilk dəfə tələbə qəbulunun aparılması planlaşdırılır.
Azərbaycan Universitetinin (AU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova vurğulayıb ki, bakalavriat və magistratura səviyyələri üzrə təsnifata yeni daxil edilən ixtisasların tədrisinin aparılması hazırda bizim üçün də aktual mövzudur:
"Biz tələbə qəbulu proqnozunun layihəsini adətən payızda Elm və Təhsil Nazirliyinə təqdim edirik. Bu tədris ilində də layihə 2024-cü ilin oktyabr ayında nazirliyə göndərilib. Yeni təsnifat isə daha sonra təsdiqlənib. Yeni təsnifatda bəzi ixtisasların adları dəyişdirilib, bəzi ixtisaslar isə yenidir.
Hazırda magistratura səviyyəsi üzrə 2025/2026-cı tədris ili üçün tələbə qəbulu proqnozunun layihəsinin yeni təsnifata uyğunlaşdırılması üzərində işləyirik. Proses başa çatandan sonra məlumat veriləcək".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) aldığımız məlumata görə, bu ildən ANDSU-dan data analitika ixtisası açılacaq.
Bakı Ali Neft Məktəbindən bildirilib ki, bu il bakalavr üzrə data analitika və eyni zamanda maliyyə (tədris ingilis dilində) ixtisasların qəbulu həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, UNEC, ATMU, AzTU və BAAU-da növbəti tədris ilində yeni ixtisasın açılması və qəbulunun həyata keçirilməsi planlaşdırılmır.