Milli Məclisin üzvləri-Nigar Məmmədova, Səbinə Xasayeva, Naqif Həmzəyev Bakı Mühəndislik Universitetinin (BMU) müasir infrastruktura, geniş elmi-tədqiqat imkanlarına malik laboratoriyaları, Texnoparkı və yataqxanaları ilə tanış olublar.
AzEdu.az xəbər verir ki, öncə BMU-nun Kibertəhlükəsizlik, Kompüter, Mexanika, Elektronika, İKT, Kimya və digər laboratoriyalarına baş çəkən deputatlar burada nəzəri biliklərin praktika ilə birləşməsinin təmin edilməsi, tədqiqatların aparılması üçün yaradılan şəraiti müsbət qiymətləndiriblər.
Tələbələrlə səmimi söhbət edən millət vəkilləri informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt kimi sahələrdə ixtisaslaşmış kadr hazırlığına artan ehtiyacı önə çəkib və BMU-da olan maddi-texniki bazanın bu ixtisaslar üzrə yüksəkixtisaslı mütəxəssis yetişdirməyə tam cavab verdiyini bildiriblər. Eyni zamanda tələbələri dövlətimizin gənclər üçün yaratdığı geniş imkanlardan daha səmərəli yararlanmağa, öyrəndikləri bilikləri daim möhkəmləndirməyə çağırıblar. Bildirilib ki, gənclərin hərtərəfli inkişafı üçün ölkəmizdə hər cür şərait yaradılıb və onlar etimadı doğrultmaq, öz bilik, bacarıqlarını dövlətimizin strateji məqsədlərinə sərf etmək üçün daha əzmlə çalışmalıdırlar.
Sonra universitet Texnoparkında olan Milli Məclisin üzvlərinə tələbələrin startapları, hazırladıqları “Zəngəzur” PUA-sı və digər layihələr barədə məlumat verilib. PUA-nın önəmli detallarının məhz BMU tələbələri tərəfindən yığılması sahəsində əldə edilən nailiyyətləri, universitet komandalarının “TEKNOFEST” kimi mötəbər yarışlarda uğurlarını böyük maraqla qarşılayan deputatlar gənclərin ideyalarını biznesə çevirmələri barədə fikirlərini, gələcək layihələri ilə bağlı planlarını dinləyiblər.
Sonda universitetin yataqxanalarını da gəzən deputatlar burada tələbələrin yaşayışı üçün yaradılmış şəraitlə yaxından tanış olublar.