“Dünyada texniki ixtisaslar həm yüksək bal, həm də yüksək biliklər tələb edir".
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov səsləndirib.
Professor bildirib ki, universitetlərdə giriş ballarının aşağı olması ciddi müzakirə olunmalı məsələdir:
“Maraqlıdır ki, niyə bizdə məhz texniki ixtisaslara aşağı balla qəbul olunur? Axı aşağı bal toplanılan yerdə hansı keyfiyyətdən danışmaq olar? Məsələn, bir şəxsin əlində milyardlarla pul olsa belə, hər hansı universitetin giriş balını toplaya bilməyibsə, həmin universitetə qəbul ola bilməz. Bu baxımdan bu, o demək deyil ki, pul hər şeyə qadirdir.
Universitetlərdə giriş ballarının aşağı olması ciddi şəkildə müzakirə edilməlidir. Nə baş verir? Niyə texniki ixtisasların balı bu qədər aşağıdır? Bu aşağı bal texnologiyanın inkişafına necə təsir göstərir? Artıq bu haqda düşünməyin vaxtı çatıb. Nəzərə alsaq ki, həm dünyada, həm də Azərbaycanda süni intellektlə bağlı Dövlət Proqramı qəbul edilib, bu sahədə əmək bazarında böyük dəyişikliklərin baş verəcəyi qaçılmazdır”.
Həmsöhbətimiz əlavə edib ki, bu gün əmək bazarında tələbat olan əsas ixtisaslardan biri də mühəndislik sahəsidir:
“Bütün dəyişikliklərə indidən hazır olmaq lazımdır. Tələbə özü tələb etməlidir ki, təhsilverənin keyfiyyəti dəyişsin. 100-200 balla universitetə daxil olan bir tələbə hansı keyfiyyəti təmin edə bilər? Bu, çox acınacaqlı vəziyyətdir. Biz bu sahəni stimullaşdırmaq üçün hansı addımları atmalıyıq? Bu barədə düşünmək vacibdir.
Bu gün müasir dünyada ən güclü ixtisaslardan biri elektronika mühəndisliyidir. Belə bir ixtisasa aşağı balla qəbul olunmaq fikri belə inanılmazdır. Əgər bir tələbə uşaq yaşlarından etibarən yaxşı təhsil almamışsa, sonradan nə qədər təhsil verilsə belə, onu dəyişmək mümkün olmur. Yaponiyanın, eləcə də Koreyanın inkişafı məhz məktəbdən başlayır. Buna görə də məktəb əsas baza hesab olunmalıdır. İndi biz 200 balla hansı texnologiyanın inkişafından danışa bilərik? Bu gün əmək bazarında tələbat olan əsas ixtisaslardan biri mühəndislikdir".
Professor sonda təkliflə çıxış edərək bildirib:
“Hesab edirəm ki, "Ali Təhsil və Əmək Bazarı Şurası" yaradıla bilər. Həmin şurada Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələri iştirak edə bilər. Belə bir platformada bu məsələlər müzakirə edilə, və nəticə olaraq müəyyən qiymətləndirmələr və təkliflər təqdim oluna bilər",- deyə Zahid Məmmədov fikrini tamamlayıb.