Bakı Mühəndislik Universiteti (BMU) Ümumi fənlər kafedrası və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamentinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş elmi seminar keçirilib. Hər iki universitetin müəllim və tələbələrinin iştirakı ilə onlayn formatda keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Bu barədə AzEdu.az-a BMU-dan məlumat verilib.
Sonra açılış nitqi ilə çıxış edən UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru, dosent Gülnarə Rzayeva birgə seminarın ali məktəblər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini bildirib, ilk ortaq tədbirin Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilməsinin təsadüfi olmadığını vurğulayıb.
Böyük şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu illərdə hər zaman elmin, təhsiln inkişafına xüsusi diqqət göstərdiyini deyən G.Rzayeva Ümummilli Liderin məktəb quruculuğu, yeni universitetlərin açılması, azərbaycanlı gənclərin xaricdə ali təhsil alması, peşəkar kadr hazırlığı istiqamətində atdığı mühüm addımlara, həyata keçirdiyi çoxsaylı vacib islahatlara toxunub. Həmçinin bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi vurğulanıb.
BMU-nun Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva isə çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik illərinin xronologiyasını xatırladıb və bütün dövrlərdə öz xalqının rifahı, yüksəlişi, azad, müstəqil yaşaması üçün gördüyü işləri önə çəkib. Xüsusilə müstəqilliyin ilk vaxtlarında dərin xaos içində yaşayan, sosial problemlər məngənəsində boğulan, vətəndaş qarşıdurması ilə üzləşən ölkəmizdə güclü lider Heydər Əliyevin üzərinə düşən xilaskarlıq missiyasından ətraflı bəhs olunub.
Müdrik şəxsiyyətin gücü, doğru və qətiyyətli qərarları sayəsində Azərbaycanın siyasi sabit ölkəyə çevrilməsi, demokratik və hüquqi baxımdan inkişaf etməsi, böyük iqtisadi layihələrə imza atması, ölkəmizin beynəlxalq imicinin, Avropa strukturları ilə əməkdaşlığının, Şərq və Qərb ölkələri ilə əlaqələrinin möhkəmləndirilməsi diqqətə çatdırılıb.
Seminarda UNEC-in professoru Vəkil Həsənov, BMU-nun professoru Şikar Qasımov, dosent Rabil Mehtiyev və digər əməkdaşlar çıxış edərək, tarixi faktlara istinadla Ulu Öndər Heydər Əliyevin güclü dövlətçilik, güclü iqtisadiyyat, bütöv Azərbaycan üçün gördüyü işlər, göstərdiyi fədakarlıqlardan ətraflı bəhs ediblər.
Çıxışlarda, həmçinin Ümummilli lider Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin dövlətçilik ənənələrinə sadiqliyi, Azərbaycanın iqtisadi yüksəlişi, hərbi uğurları, torpaqlarımızın işğaldan qurtarılması istiqamətində atdığı mühüm addımlar, eləcə də Qarabağ, Şərqi Zəngəzurda sürətli tikinti-abadlıq işləri və əzəli torpaqlara qayıdış prosesi qürurla vurğulanıb.