Mayın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) sayca VI Karyera Sərgisi təşkil olunub.
Universitetdən AzEdu.az-a bildirilib ki, əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək məqsədi daşıyan sərgi universitetin əməkdaşlıq etdiyi, eyni zamanda qlobal miqyasda tanınan 90-dan artıq aparıcı müəssisə və təşkilatın iştirakı ilə baş tutub.
Memarlıq, dizayn, inşaat, mühəndislik, texnologiya, nəqliyyat, maliyyə və xidmət sahələrini əhatə edən sərgidə 800-dən artıq vakansiya tələbə və məzunlara təqdim olunub. Sərginin əsas məqsədi bilikli, bacarıqlı, peşəkar potensiala malik gənclərin dövlət və özəl sektorda uğurlu şəkildə məşğulluğuna şərait yaratmaq, eləcə də müəssisələrdəki iş imkanları barədə məlumatlandırma platforması təqdim etməkdən ibarət olub.
Sərginin rəsmi hissəsində çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetdə artıq ənənəvi xarakter alan bu sərginin tələbə və məzunların gələcək karyeralarının formalaşmasında əhəmiyyətli rol oynadığını söyləyib. O qeyd edib ki, bu cür sərgilər vasitəsilə gənclər əmək bazarının real tələbləri ilə tanış olur, ixtisaslarına uyğun qurumlarla birbaşa ünsiyyət imkanı qazanırlar.
Professor Gülçöhrə Məmmədova, eyni zamanda vurğulayıb ki, AzMİU-nun inkişafında universitetin partnyor şirkət və təşkilatlarla qurduğu əməkdaşlıqların rolu danılmazdır. Rektor universitet adından bu uğurlu əməkdaşlığa verdikləri töhfələrə görə bütün tərəfdaşlara dərin təşəkkürünü bildirib, əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.
Universitetin bu il 50 illik yubileyinin qeyd olunacağını söyləyən rektor ali təhsil ocağının Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını diqqətə çatdırıb: “AzMİU hər zaman Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursuna sadiq qalaraq, ölkəmizin memarlıq, inşaat, şəhərsalma, nəqliyyat, iqtisadiyyat və digər mühüm sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi önəm verir. Universitetimizin bu istiqamətdə atdığı addımlar, o cümlədən maddi-texniki bazanın müasirləşdirilməsi, tədris prosesinə beynəlxalq təcrübənin tətbiqi və rəqəmsal bacarıqların inkişaf etdirilməsi bu missiyanın uğurla reallaşdırılmasına xidmət edir”.
Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyev çıxışında bildirib ki, universitetdən hər il 1400-dən çox bakalavr və 400-dən artıq magistr məzun olur. Onlardan 80 faizindən çoxu təhsilini başa vurduğu ilk il ərzində ixtisasına uyğun sahələrdə məşğulluğa nail olur. O, əlavə edib ki, builki Karyera Sərgisində 40-dan artıq nüfuzlu şirkətin rəhbər heyəti iştirak edir. Bu isə tələbə və məzunlar üçün mövcud vakansiyalar, o cümlədən peşəkar inkişaf imkanları ilə birbaşa tanış olmaq baxımından mühüm fürsət yaradır.
Digər çıxış edənlər Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Talıbov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “PMD” Projects MMC-nin direktor müavini Ali Altunışık, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Mirzəliyev də sərginin gənclərə yaratdığı imkanları yüksək qiymətləndirib, tələbə və məzunları sərgidə aktiv olmağa səsləyiblər.
Sərgi rəsmi şəkildə açıq elan etdikdən sonra rektor professor Gülçöhrə Məmmədova qonaqlarla birgə Karyera Sərgisində nümayiş olunan stendlərlə tanış olub, iştirakçı şirkətlərin nümayəndələri ilə söhbətlər aparıb, vakansiyalarla maraqlanıb.
Qeyd olunan sərgidə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumlarla yanaşı, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu, Təhsilin İnkişaf Fondu, Təhsil Tələbə Kredit Fondu, Əmlak Məsələləri Dövlət Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi,, “Azərsu” ASC “Baku Design Center” MMC, “Dizayn Buro” MMC, “PMD” Projects MMC, “Azərgold” QSC, “Embawood” MMC, “Holcim”, “PROYAPI”, Kapital Bank, Yelo Bank, Beynəlxalq Bank, “Veysəloğlu” MMC, “AzVirt” MMC, “Metak” və digər tanınmış şirkətlərin təmsilçiləri iştirak ediblər.
Sərgi çərçivəsində müəssisələrin insan resursları üzrə nümayəndələri mövcud vakansiyalar və təcrübə proqramları barədə geniş informasiya verib, iş axtarışında olan gənclərin suallarını cavablandırıblar. Tələbə və məzunlar onlara təqdim olunan imkanlar barədə ətraflı məlumat alıb, uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.
1500-dən çox gəncə iş və təcrübə imkanlarının təqdim olunduğu sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.