“Tələbələrin işlə təminatı üçün hər il Karyera Sərgiləri təşkil edirik”.
AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu, AzMİU-da keçirilən altıncı “Karyera Sərgisi”dir. 2019-cu ildən etibarən (pandemiya dövrü istisna olmaqla) universitetdə mütəmadi olaraq karyera sərgiləri təşkil olunur. Bu ilki sərgi universitetin 50 illik yubileyinə həsr edilib.
Xanlar Qəniyevin sözlərinə görə, ildən-ilə sərgidə iştirak edən tərəfdaş şirkətlərin və təqdim olunan vakansiyaların sayı artmaqdadır. Belə ki, ötən il sərgidə 600 vakansiya və 70-dən çox şirkət iştirak edibsə, bu il 94 şirkət tərəfindən tələbələrə 800-dən çox vakansiya təqdim olunub.
Sərgidə ölkənin aparıcı tikinti, memarlıq və iqtisadiyyat yönümlü şirkətləri təmsil olunur. Tədbir yalnız vakansiyalarla məhdudlaşmır – tələbələrin iştirakı üçün müxtəlif təcrübə proqramları da təqdim edilir.