Polşanın Krakov İqtisadiyyat Universitetinin İdarəetmə və keyfiyyət araşdırmaları fakültəsinin (Faculty of Management and Quality Studies) dosenti, iqtisad üzrə fəlsəfə doktoru Grazyna Paliwoda - Pekosz əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycan Universitetində tədris prosesinə qoşulub. Grazyna Paliwoda - Pekosz akademik proqramın ilk günündə universitetlə tanış olub.
Universitetdən AzEdu.az-a bildirilib ki, tanışlıq görüşündə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev iştirak edib. Tədbirdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub. Polşalı qonaq görüşün ardından Biznes və iqtisadiyyat fakültəsinin tədrisi ingilis dilində aparılan Marketinq və İqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələri üçün “İdarəetmə problemlərinin həllində metahevristik üsullar” (Metaheuristic Methods in Solving Management Problems) mövzusunda mühazirə oxuyub. Akademik proqramın ikinci günündə isə o, İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin tələbələrinə mühazirə oxuyub. Mühazirə “Qraf üzərində optimallaşdırma” mövzusunda olub.
Qeyd edək ki, Grazyna Paliwoda - Pekosz bir həftə davam edəcək proqram çərçivəsində həm Biznes və iqtisadiyyat fakültəsinin, həm də İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin tələbələri üçün mühazirələr oxuyacaq.