Məzun günü təkcə bir tədbir deyil. Bu, tələbələrin bir-birinə "görüşərik" deyib, keçmişə təşəkkür edib, gələcəyə ümidlə baxdıqları gündür.
Bəs görəsən, əyləncəyli və bol-bol xatirə yükü daşıyan bu günü universitetlər harada və nə zaman qeyd edəcəklər?
AzEdu.az suala cavab almaq üçün universitetlərə sorğu ünvanlayır.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova sorğumuza bildirildi ki, sonuncu kurslar üçün təşkil olunan "Məzun Günü" iyunun 27-də Bakı Kristal Zalında keçiriləcək.
ADA Universitetindən bildirildi ki, bütün "Məzun Günü" tədbirləri, adətən universitetdə keçirilir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev sorğumuza cavab olaraq bildirildi ki, AzMİU hər il "Məzun Günlərini" təntənəli şəkildə təşkil edir:
"Bu il AzMİU-nun yaradılmasının 50-ci ildönümü olduğundan bu il "Məzun Günü" tədbiri xüsusi təntənə ilə qeyd olunacaq. Hələ ki, tədbirin hansı məkanda keçiriləcəyi ilə bağlı qərar yoxdur. Lakin paytaxtın görkəmli yerlərindən birində təntənəli şəkildə “AzMİU-nun Məzun Günü- 2025” tədbiri qeyd olunacağını deyə bilərik”.
Azərbaycan Turizm və Memarlıq Universitetinin (ATMU) mətbuat katibi Sədaqət Turabova sorğuya cavabında bildirdi ki, tədbirin harada təşkil məsələsi müzakirə predmeti olmasına rəğmən, hələlik məkan bəlli deyil.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şəhanə Mahmudzadə qeyd etdi ki, "Məzun Günü" tədbiri universitetdə möhtəşəm konsert proqramı ilə keçiriləcək:
“Tədbirin iyunun 19-u təşkil olunacaq”.
Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev sorğuyla bağlı cavabında bildirdi ki, tədbirin qeyd olunması nəzərdə tutulub, lakin dəqiq tarix bəlli olmasada "Məzun Günü"nün hər il olduğu kimi iyun ayında keçiriləcəyi planlaşdırılır:
“BMU-nun geniş kampusu mövcuddur və ənənəyə sadiq qalaraq bu il də "Məzun Günü" universitetin kampusunda keçiriləcək”.
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev cavabında bildirdi ki, hələ ki, sözügedən mövzuda dəqiq məlumat yoxdur:
“Məkan və zaman bəlli olduqdan sonra ictimaiyyətə dəqiq məlumat veriləcək”.
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı sorğuya cavab olaraq qeyd edib ki, hələ ki, tərəfimizdən "Məzun Günü" barədə danışmaq tezdir.
Azərbaycan Tibb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova qeyd etdi ki, hələlik tədbirin yeri və tarixi barədə dəqiq bir qərar yoxdur:
“Lakin Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətində keçirilməsi planlaşdırılır”.
Xəzər Universitetinin Media üzrə rəhbəri Əlövsət Əmirbəyli qeyd etdi ki, Xəzər Universitetində "Məzun Günü" tədbiri qeyd olunacaq:
“Hələlik məkan və zaman barədə dəqiq məlumat yoxdur”.
Qeyd edək ki, paytaxtda yerləşən digər bir sıra universitetlər sorğuda iştirak etmədilər.