Azedu.az

UNEC əməkdaşlıq əlaqələrini gücləndirir

Universitetlər

26 Aprel 2025, 14:05
UNEC əməkdaşlıq əlaqələrini gücləndirir

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

AzEdu.az xəbər verir ki, memorandumu MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev və UNEC-in rektoru, professor Ədalət Muradov imzalayıblar.

Memorandum çərçivəsində iki qurumun müxtəlif istiqamətlərdə birgə fəaliyyət göstərməsi nəzərdə tutulub. Əməkdaşlığın əsas məqsədi UNEC tələbələrinin kapital bazarları sahəsində nəzəri və praktiki biliklərinin artırılması, onların müasir maliyyə xidmətləri və texnologiyaları ilə yaxından tanış edilməsidir.

Əməkdaşlıq çərçivəsində həyata keçiriləcək tədbirlər arasında MDM əməkdaşları tərəfindən Azərbaycanın kapital bazarları, emitentlər və investisiya şirkətləri ilə münasibətlər, innovativ məhsul və xidmətlər üzrə elmi-praktik məlumatlar əsasında təlimlərin təşkil olunması, tələbələr üçün mütəmadi seminarların keçirilməsi, UNEC-də “Karyera günləri”nin təşkil edilməsi kimi fəaliyyətlər yer alıb.

İmzalanma mərasimində MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev əməkdaşlığın perspektivləri barədə məlumat verərək qeyd edib: “Ölkəmizin maliyyə bazarlarının inkişafı üçün peşəkar kadrların hazırlanması çox vacibdir. UNEC ilə imzaladığımız bu memorandum çərçivəsində MDM təcrübəsini gənc nəsillə bölüşmək və ölkəmizin kapital bazarlarının gələcəyini təmin edəcək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə töhfə vermək imkanı qazanır”.

UNEC rektoru professor Ədalət Muradov isə memorandumun əhəmiyyətini qeyd edərək bildirib ki, bu əməkdaşlıq tələbələrimizin nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirmələrinə və maliyyə bazarları sahəsində daha geniş və dərin biliklər əldə etmələrinə imkan yaradacaq.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox