Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İctimaiyyətlə Əlaqələr və Marketinq Mərkəzinin müdiri İsa Muradov və Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin müdiri dosent Gülnarə Əsgərəlizadə təbliğat-təşviqat kampaniyası çərçivəsində Qırğızıstana işgüzar səfər ediblər.
AzEdu.az-a universitetdən bildirilib ki, səfərin əsas məqsədi AzMİU-nun təhsil imkanlarının təbliği, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və universitetə xarici tələbələrin cəlbidir.
Səfər çərçivəsində universitetin nümayəndə heyəti Qırğızıstanın tanınmış təhsil müəssisələrindən biri olan Bilimkana Amerika Məktəbində qonaq olub. Görüş zamanı məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri AzMİU-nun təhsil mühiti, akademik proqramları və tələbələr üçün yaradılan imkanlar barədə məlumatlandırılıb. Bildirilib ki, AzMİU memarlıq, dizayn, inşaat və mühəndislik sahələri üzrə ixtisaslaşan qabaqcıl ali təhsil müəssisəsidir. Burada tədris olunan ixtisaslar beynəlxalq standartlara tam cavab verir.
Tədbir zamanı, həmçinin AzMİU-da əcnəbi tələbələr üçün mövcud olan hazırlıq proqramları, ikili diplom imkanları, mübadilə proqramları və beynəlxalq partnyor universitetlərlə əməkdaşlıq əlaqələri istiqamətində məlumatlar da paylaşılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara AzMİU-da təhsil almağın üstünlükləri ilə bağlı ətraflı izahlar verilib.