Azedu.az

BSU-da III beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib

Universitetlər

11 Aprel 2025, 12:57
BSU-da III beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib

BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” (İTİC 2025) III beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib

Aprelin 10-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” (İTİC 2025) III beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfransın açılış mərasimində BSU-nun rektoru Anar Nağıyev, Özbəkistan Respublikasının Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdugappor Qırğızbayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Milli Məclisin deputatları Mehriban Vəliyeva və Nigar Məmmədova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova, “BP”-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzinin direktoru Aytən Eynalova, eləcə də Polşa, İtaliya və Finlandiyadan dəvət olunmuş tanınmış alim və mütəxəssislər, BSU-nun professor-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Açılış mərasimində çıxış edən BSU-nun rektoru Anar Nağıyev inklüziv cəmiyyətin qurulması, təhsildə bərabər imkanların yaradılması istiqamətində dövlət səviyyəsində görülən tədbirlərdən danışıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət proqramları və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd olunan hədəflər bu istiqamətdə yol xəritəsi kimi çıxış edir. Rektor qeyd edib ki, BSU-da müəllim hazırlığında inklüziv yanaşmanın gücləndirilməsi, müasir tədris resurslarının yaradılması və bu sahədə peşəkar kadrların formalaşdırılması istiqamətində davamlı işlər aparılır.

A.Nağıyev çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr təhsil prosesinin inkişafına müstəsna xidmət etdiyini diqqətə çatdırıb.

Rektor bildirib ki, 2022-ci ildən etibarən BSU-da autizm aylığı çərçivəsində inklüziv təhsilə dair müzakirə və öyrənmə platforması yaradılıb. 2023-cü ildən başlayaraq layihə Elm və Təhsil Nazirliyi və müvafiq Regional Təhsil İdarələrinin dəstəyi ilə davam etdirilərək Astara, Biləsuvar, Şamaxı və Şəmkir şəhərlərində 400-dən çox müəllim, psixoloq və məktəb direktoru ilə görüşlər keçirilib. Eyni zamanda rektor qeyd edib ki, 2025-ci ildə İTİC layihəsi çərçivəsində keçirilən İnklüziv Həftə tədbirləri çərçivəsində hər ay inklüziv təhsilin təşkili, təhsildə inklüzivlik və ümumilikdə fərqli təcrübələrin yaratdığı böyük dəyərlər sisteminin təşviqinə dair müxtəlif tədbirlərin keçirilməsinə başlanılıb. O, bu müddət ərzində inklüziv təhsilin təşkili ilə bağlı bir sıra ali təhsil müəssisələri, xüsusilə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Naxçıvan Dövlət Universiteti (NDU) və Gəncə Dövlət Universiteti (GDU) ilə müxtəlif təşəbbüs və layihələr çərçivəsində birgə fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb.

A.Nağıyev İTİC 2025 konfransının artıq üçüncü dəfədir ki, beynəlxalq miqyasda təşkil olunduğunu və inklüziv təhsil sahəsində peşəkar mütəxəssislərin bir araya gəldiyi elmi müzakirə platforması kimi öz mövqeyini möhkəmləndirdiyini diqqətə çatdırıb. O, 2025-ci il ərzində İTİC layihəsi çərçivəsində hər ay inklüziv təhsilin təşkili , eləcə də təcrübə mübadiləsinə dair tədbirlərin keçiriləcəyini qeyd edərək, bu tədbirlərin inklüziv dəyərlərin təşviqində və cəmiyyətə töhfə verəcək mütəxəssislərin hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.

Konfransda çıxış edən Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafar Qırğızbayev Azərbaycan-Özbəkistan dostluğunun dərin tarixi köklərindən bəhs edərək, inklüzivlik sahəsində ölkəsində görülən işlərdən danışıb və BSU-nun bu sahədə aparıcı ali təhsil müəssisəsinə çevrildiyini vurğulayıb. O, rəhbərlik etdiyi universitetin BSU ilə əməkdaşlığında maraqlı olduğunu və bu tərəfdaşlığın davamlı olmasını arzuladığını qeyd edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev inklüziv təhsil sahəsində BSU ilə əməkdaşlığı yüksək dəyərləndirib və universitetin bu istiqamətdə ixtisaslaşmış ali məktəb kimi nüfuz qazandığını bildirib.

Milli Məclisin deputatı Nigar Məmmədova çıxışında inklüzivliyin ölkənin milli prioritetlərindən biri olduğunu, BSU-nun isə bu sahədə təşəbbüsləri ilə ölkə hüdudlarından kənarda da nüfuz qazandığını qeyd edib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova isə ali və orta təhsil müəssisələrinin inklüzivlik istiqamətində gördüyü işlərin əhəmiyyətinə toxunaraq, bu sahədə aparılan elmi araşdırmaların inklüziv təhsilin inkişafına ciddi töhfə verəcəyini bildirib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari çıxışında mərkəzin fəaliyyətindən bəhs dərək, mərkəzin təlimçisi olan Aysel Əmirovanın sərgisinin təşkil olunmasında BSU rəhbərliyinə öz təşəkkürünü bildirib.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli neft-qaz şirkətinin aktiv dəstək verdiyi sahələrdən ən önəmlisi təhsil sahəsi olduğunu bildirib. O, bu sahədə Elm və Təhsil Nazirliyi ilə geniş əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Təhsil sahəsində məktəblərlə, ali təhsil müəssisələrilə bir çox layihələr həyata keçirildiyini qeyd edib.

Kozsalin Texnologiya Universitetinin əməkdaşı Adam Jagiello Rusilovski çıxış edərək Azərbaycanın inklüzivlik sahəsində olan səylərini, BSU-nun bu sahədə fəaliyyəti genişləndirdiyinivə  BSU-nun gələcəkdə də inklüzivlik sahəsində aparıcı universitetə çevriləcəyinə inamını ifadə edib.

“EduCluster Finland” dövlət şəbəkəsinin adoptativ təhsil üzrə koordinatoru Heli Parhiala bildirib ki, Finlandiyada inklüzivliyə geniş dəstək verilir və bu, həm təhsil, həm də idman sahələrini əhatə edir. O, əlavə edib ki, ölkəsində tətbiq olunan kurikulumda inklüziv təhsilə xüsusi önəm verilir.

Roma Məktəb Direktorları Assosiasiyasının vitse-prezidenti, Roma Mozart Məktəbinin direktoru Jiovanni Cogliandro isə qeyd edib ki, Azərbaycanın inklüzivlik sahəsindəki səyləri Avropa üçün mühüm təcrübə ola bilər. O, həmçinin İtaliyada inklüziv təhsilin inkişafı istiqamətində xüsusi sinif otaqlarının yaradıldığını vurğulayıb.

Konfransın bədii hissəsi nümayiş etdirildikdən sonra beynəlxalq tədbirin işi bölmələr üzrə davam etdirilib.

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox