Bakı Slavyan Universitetinin (BSU) rektoru Albaniyanın Tirana Universitetində "Yeni dövrün Azərbaycanı" mövzusunda yerli tələbələrlə görüş keçirib.
Universitetdən AzEdu.az-a bildirilib ki, aprelin 8-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev "Yeni dövrün Azərbaycanı" mövzusunda Albaniyanın Tirana Universitetində Tarix və Filologiya fakültəsində təhsil alan yerli tələbələrlə görüş keçirib. Tədbirdə Azərbaycanın Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov, Tarix və Filologiya fakültəsinin akademik heyəti və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.
BSU-nun rektoru Anar Nağıyev “Yeni dövrün Azərbaycanı” mövzusunda çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb. Rektor Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs edərək, onun rəhbərliyi ilə 1993-cü ildən sonra ölkənin hüquqi bazasının təkmilləşdirilməsi və 1995-ci ildə ilk Konstitusiyanın qəbul edilməsi prosesindən danışıb. A.Nağıyev Azərbaycanın dövlət quruculuğu, beynəlxalq əlaqələri, müasir dünyada Azərbaycanın rolundan bəhs edib. O, xüsusilə Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin qorunması və güclü dövlət qurulması istiqamətində həyata keçirilən fundamental islahatlar barəsində ətraflı məlumat verib.
Rektor çıxışında Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu və bu ideologiyanın milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərqərar olmasının, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün Azərbaycanının daha böyük uğurlara hədəfləndiyini diqqətə çatdırıb.
Görüş zamanı çıxış edən rektor Azərbaycanın geosiyasi əhəmiyyətindən və Avropanın enerji təhlükəsizliyində ölkəmizin mühüm rolundan bəhs edib. O, həmçinin Azərbaycanın multikultural dəyərlərini vurğulayaraq, müxtəlif xalqların sülh şəraitində birgə yaşamasının ən gözəl nümunələrindən birinin məhz Azərbaycanda müşahidə olunduğunu bildirib.
A.Nağıyev Bakı Slavyan Universiteti və Tirana Universiteti arasında əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi konfranslar nəzərdə tutulduğunu, əməkdaşlıqların, Azərbaycanşünaslıq, Balkanşünaslıq, Albanologiyaya böyük töhfələr verəcəyini vurğulayıb.
Tədbirin sonunda Tarix və Filologiya fakültəsinin müxtəlif ixtisasları üzrə təhsil alan tələbələrin sualları cavablandırılıb.