Azərbaycan Universiteti İtaliyanın Tuscia Universiteti ilə imzalanan müqaviləyə əsasən həyata keçirilən magistratura üzrə birgə Beynəlxalq İkili Diplom Proqramına seçilən ilk tələbəsini bu ölkəyə göndərir. Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva bu gün bütün tələbləri qarşılayaraq proqrama qəbul olan magistratura II kurs tələbəsi Rəvan İdrislini qəbul edib. Görüşdə universitetdə tələbələr üçün yaradılan şərait və təhsil mühiti, beynəlmiləlləşmənin və ikili diplom proqramlarının əhəmiyyəti və üstünlüklərindən bəhs olunub.
AU-dan AzEdu.az-a bildirilib ki, ikili diplom proqramının ilk tələbəsi olması münasibətilə Rəvan İdrislini təbrik edən rektor, ona dərslərə məsuliyyətlə yanaşmasını tövsiyə edib, təhsil həyatında uğurlar arzulayıb. Səadət Əliyeva Rəvan İdrislinin Avropada Azərbaycan gəncini və Azərbaycan xalqının milli-mənəvi dəyərlərini təmsil edəcəyini və bu mənəvi borcun öhdəsindən böyük məsuliyyətlə gələcəyindən əmin olduğunu ifadə edib.
Rəvan İdrisli öz növbəsində ikili diplom proqramının özü üçün mükəmməl fürsət olduğunu bildirib və gözləntiləri haqqında danışıb. Proqram üzrə müvafiq qayda və prosedurlarla tanış olduğunu, Beynəlxalq əlaqələr şöbəsi, həmçinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən bütün məqamların ətraflı izah olunduğunu qeyd edən tələbə yaradılan şəraitə görə rektora təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında imzalanan müqaviləyə əsasən beynəlxalq ikili diplom proqramı MBA proqramının Marketinq istiqaməti üzrə həyata keçirilir. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi verilir və ali təhsil müəssisələrinin diplomları təqdim olunur.