Həkimlik deyəndə tibb universiteti, müəllimlik deyəndə pedaqoji universitet, mühəndislik deyəndə isə mühəndislik universiteti ağıla gəlir. Təsadüfi deyil ki, sözügedən universitetlər həmin sahələr üzrə ad qazanıblar.
Bəs görəsən, digər universitetlər necə? Hər biri ixtisasa getməlidirmi? İxtisaslaşmanın faydaları nələrdir?
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib ki, bir universitetin bir neçə fərqli sahədə kadr yetişdirməsi doğru deyil:
“Dünyanın əksər ölkələrində universitetlərin ixtisaslaşması ilə bağlı təcrübə var. Təsadüfi deyil ki, bu, bir vaxtlar -Sovet dövrü Azərbaycanında da tətbiq olunurdu. O vaxtlar Azərbaycan Dillər Universiteti (ADU) xarici dilləri, Bakı Slavyan Universiteti (BSU) slavyan dillərini, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yalnız iqtisadiyyatı tədris edirdi, amma təəssüflə qeyd etməliyik ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu proseslər fərqli istiqamətə təzahür etdi. Əvvəlki dövrdə jurnalistika yalnız Bakı Dövlət Universitetində (BDU) idisə, indi bir sıra universitetlərdə var, və yaxud Bakı Mühəndislik Universitetində yalnız mühəndislik sahəsi var idisə, indi fərqli sahələr var.
Düşünürəm ki, universitetlərdə ixtisaslaşma çox önəmlidir. Bu gün ADU öz fəaliyyətini məhz xarici dillər, BSU slavyan dilləri, BMU mühəndis fakültələri üzrə davam etdirməlidir. Psixologiya və sosiologiya heç də bütün universitetlərdə olmamalıdır. Amma təəssüf ki, müasir dövrdə bu tendensiyanı görürük. Bu isə narahatlıq doğura biləcək prosesdir. Biz balansı qorumalıyıq.
Əvvəlki dövrdə olduğu kimi universitetlər öz adlarına, profillərinə uyğun fəaliyyətini davam etdirməlidir. Universitetlərin ixtisaslaşması, mütəxəssislərin əlçatanlığı baxımından da önəmlidir. Əlbəttə, bir sıra istisnalar ola bilər, amma ixtisaslaşmamış universitetlər də yetərincə problem yaradır.
İxtisaslaşmış universitetlərin ixtisaslarını (BDU - Hüquq, UNEC- iqtisadiyyat, BMU -mühəndislik, ADU -xarici dillər, BSU - slavyan dilləri və s.) başqa universitetlər tədris edir, bu isə keçid ballarının enməsinə və təhsilhaqqının artmasına səbəb olur.
Bu məsələyə daha diqqətli və həssas yanaşmalıyıq ki, bu problem baş verməsin, ciddi zərurət olmadan, bir universitet bütün sahələr üzrə mütəxəssis yetişdirməsin. Bir universitetin həm jurnalistika, həm texnika, həm psixologiya, həm də mühəndislik üzrə kadr yetişdirməsi Azərbaycan cəmiyyətində çox çətin və mürəkkəb prosesdir. Biz bu məsələni mütləq nəzərə almalıyıq”.