Tələbələr təhsil aldığı müddətdə nəzəri biliklərə deyil, eyni zamanda praktik biliklərə də yiyələnirlər.
Belə ki, təcrübə tələbələrə nəzəri biliklərini praktika ilə birləşdirmək və iş mühitində real problemləri həll etmək bacarığını qazandırmaqda böyük rol oynayır.
Bu, həmçinin gələcəkdə işə düzəlməkdə və peşəkar həyatlarında daha rahat bir başlanğıc əldə etmələrinə kömək etmiş olur.
Bəs görəsən, universitetlərdə təcrübə necə təşkil edilir? Tələbələrin davamiyyəti nə yerdədir?
Mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, IV kurs üzrə təhsil alan tələbələr bütövlükdə universitet tərəfindən müəssisələrə göndərilir:
“Lakin tələbə müəssisəni özü də seçə bilər. İlk növbədə tələbələrə bu məsələdə hüquq tanıyırıq. Həmçinin onlarla bir görüş keçirib bununla bağlı məlumat verdikdən sonra meyarları müəyyənləşdiririk. Həmin meyarlar üzrə tələbələr seçdikləri müəssisələrdən universitetə məktub gətirirlər. Seçim edə bilməyən, müəssisə tapa bilməyən tələbələrimiz üçün isə universtet özü təcrübəni təşkil edir.
Magistrantlarda isə elmi pedaqoji praktikanı mütləq universitet özü təşkil edir. Yəni bu zaman tələbələr mühazirə və seminarlarda dərs keçərək pedaqoji bacarıqlarını yoxlayırlar. Elmi tədqiqat təcrübəsi isə həm universitetin nəzdində, həm də universitetdən kənar müəssisələrdə keçirilə bilər”.
Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova vurğulayıb ki, 4-cü kurs tələbələri təcrübə keçmək üçün həm universitet tərəfindən müəssisələrə göndərilir:
“Həm də özləri gətirdikləri sənədlər əsasında istehsalat və elmi-tədqiqat təcrübəsi keçirlər.Onlar müəssisələrdə müvafiq olaraq həftənin 5 iş günü 4 saat olmaqla təcrübədə iştirak edirlər.
Magistratura səviyyəsində təhsil alan tələbələr elmi-tədqiqat təcrübələrini ixtisaslarına uyğun olaraq müəssisələrdə, elmi-tədqiqat institutlarında, həmçinin AzTU-nun nəzdində fəaliyyət göstərən institutlarda keçirlər”.
Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki,Azərbaycan Universitetində 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsinin sonuncu kursunda təhsil alan tələbələrin istehsalat, magistratura səviyyəsi üzrə sonuncu kurs tələbələrinin isə elmi-pedaqoji və elmi tədqiqat təcrübələrinə fevral ayının 17-də başlanıb:
“Universitet üzrə 387 tələbə istehsalat təcrübəsinə, 58 magistrant isə elmi-pedaqoji və elmi tədqiqat təcrübəsinə başlayıb.İstehsalat təcrübəsi təhsil proqramına uyğun olaraq bəzi qruplarda mayın 25-də, bəzi qruplarda isə iyunun 25-də yekunlaşacaq. Tələbələrin istehsalat təcrübəsi keçəcəyi müəssisələr universitet tərəfindən müəyyənləşdirilir. Tələbələr müəssisə seçmək hüququna mailikdirlər, lakin həmin müəssisələr universitet tərəfindən araşdırılır və uyğun olduğu təqdirdə razılıq verilir.
Magistratura tələbələrinin təcrübəsi isə 2 mərhələdə və universitetdə təşkil olunur. Tələbələrin pedaqoji səriştələrinin formalaşdırılması məqsədilə təşkil edilən elmi-pedaqoji təcrübə martın 14-də başa çatacaq. İlk həftə dərsdə passiv iştirak edən tələbələr artıq açıq dərslərə başlayıblar, həmçinin qrupa yoldaşlarının açıq dərslərində iştirak edirlər.
Elmi tədqiqat təcrübəsi isə martın 17-dən apelin 11-dək təşkil olunacaq. Magistratura tələbələri bu müddət ərzində dissertasiya işini tamamlamalı, aprel ayında keçiriləcək ilkin müzakirəyə hazırlaşmalı, proqramda nəzərdə tutulan digər işləri yerinə yetirməlidirlər.
MBA proqramının təhsil proqramında isə təcrübə nəzərdə tutulmadığı üçün tələbələr dərs cədvəlinə uyğun olaraq dərslərə davam edirlər”.
Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı söyləyib ki, 4-cü kursda təhsil alan tələbələrimiz özləri müəssisə seçmək hüququna malikdir:
“Bunun üçün təcrübə keçmək istədiyi uyğun müəssisələrin birindən razılıq məktubu gətirməlidir. Məktub gətirməyən digər tələbələr isə universitet tərəfindən təyin olunmuş müəssilərin birində təcrübə prosesinə cəlb olunur. Tələbərin təcrübədə davamiyyəti normaldır. Magistratura səviyyəsi üzrə təcrübə ali təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 489 nömrəli qərarının 3.9-cu bəndinə əsasən ali təhsil müəssisəsində təşkil olunur”.
Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələrin təcrübəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il qərarı əsasında təşkil edilir:
“Magistratura səviyyəsində əsasən 2 təcürbə növü - Elmi-pedaqoji və Elmi-tədqiqat təcrübələri nəzərdə tutulmuşdur. Elmi pedoqoji təcrübə tələbənin təhsil aldığı müəssisənin təcrübə bazasında, elmi tədqiqat təcrübəsi isə tələbənin təhsil aldığı təhsil müəssisəsində və ya kənar təcrübə bazasında keçirilə bilər. Bütün nəzəri fənləri müvaffəqiyyətlə yerinə yetirən tələbələr elmi-pedoqoji və elmi tədqiqat təcrübələrinə buraxılır.
Bakalavriat səviyyəsində isə tələbələrə tədris, itehsalat, diplomqabağı təcrübə növləri nəzərdə tutulmuşdur ki, həmin təcrübələr müvafiq ixtisasların təhsil proqramlarına əsasən müəyyənləşir.
Qeyd olunan təcrübələr həm universitetdə, həm də universitetin müqavilə imzaladığı təcrübə bazalarında keçirilir. Qaydalara əsasən təcrübə tələbənin müraciəti əsasında təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda və ya xarici ölkələrdə də keçirilə bilər və bu zaman təcrübə keçməyə nəzarət mexanizmi təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Təcrübəyə davamiyyət limiti 20 faiz müəyyən edilmişdir”.
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki,bakalavrların təcrübə keçməsi ixtisasdan asılı olaraq dəyişir:
“Belə ki, "Biznes idarəçkliyi" və "Sosial menecment" fakültəsində təhsilalanlar 4cü kursda, Ali təhsil müəssisəsi tərəfindən müəyyən olunan yerlərdə və ya təhsilalanların özlərinin seçim etdiyi müəssisələrdə yerləşdirilməklə təşkil olunur. Turizm işinin təşkili ixtisasında oxuyan tələbələr 3cü kursda təcrübəyə gedirlər, böyük həcmi ATMU tərəfindən Türkiyədə təşkil olunan turizm sahəsində fəaliyyət göstərən müəssisələrdə, getmək istəməyənlər isə yerli təşkilatlarda təcrübə qazanırlar.
Magistr pilləsində təhsil alan tələbələrdə isə, pedaqoji təcrübə ATMU da ixtisaslaşmalarına uyğun olaraq kafedralar tərəfindən müəyyən olunan dərslərdə, Elmi tədqiqat təcrübəsi isə ixtisaslaşmalarına uyğun olaraq Ali təhsil müəssisələrində, tədqiqat institutlarında və kafedraların nəznində həyata keçirilir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, bu ildən bakalavrların təcrübə keçmə qaydalarında müəyyən dəyişikliklər edilib:
"Aydın məsələdir ki, bakalavrların təcrübə müddəti 14 həftədir. Əvvəlki illərdə tələbələr bu müddətin hər həftəsini ümumi təhsil məktəblərində və ya müvafiq müəssisələrdə praktiki təcrübə keçməklə tamamlayırdılar. Lakin bu ildən etibarən tələbələrin şagirdlərlə işləmə bacarığını, eləcə də pedaqoji və psixoloji kompetensiyalarını inkişaf etdirmək məqsədilə təcrübənin ilk 10 həftəsi tədris təcrübəsi kimi təşkil olunur. Bu mərhələdə universitetin müvafiq ixtisas kafedralarında tələbələrə kafedra müəllimləri tərəfindən xüsusi məşğələlər keçirilir. Sonrakı 4 həftədə isə tələbələr ümumi təhsil məktəblərində praktik təcrübə keçərək şagirdlərlə birbaşa işləyirlər.
Magistratura səviyyəsində də təcrübə iki mərhələdən ibarətdir. Birinci mərhələ elmi-tədqiqat təcrübəsidir. Bu müddətdə magistrantlar elmi işlər, məqalələr və dissertasiya üzərində işləyirlər. İkinci mərhələ isə ixtisasdan asılı olaraq istehsalat və ya pedaqoji təcrübəni əhatə edir. Metodika ixtisası üzrə təhsil alan magistrantlar pedaqoji təcrübə keçərək bakalavrlarla birgə tədris prosesinə qoşulurlar. Qeyri-pedaqoji ixtisaslarda təhsil alan magistrantlar isə uyğun qurumlarda istehsalat təcrübəsi keçirlər.
Hazırda həm bakalavr, həm də magistratura səviyyələrində təcrübə prosesi normal qaydada davam edir və tələbələrin davamiyyəti tam təmin olunub".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəhruz Nəzərov bildirib ki, universitetin 4-cü kursunda bakalavr üzrə təhsil alan 3018 tələbəmiz fevralın 17-dən başlayaraq təcrübədədirlər:
“Onlar 526 müəssisədə hazırda təcrübə keçirlər. 3018 tələbənin içərisində 376 tələbəmiz müxtəlif şirkətlərdə məsələn, SOCAR, bp-də ödənişli təcrübə keçirlər. Eyni zamanda 3018 tələbəmizdən 546 nəfər fərdi qaydada özləri şirkət tapdığı ilə bağlı universitetə müraciət ediblər. Belə hal olanda bu zaman kafedra tərəfindən araşdırma aparılır ki, həmin müəssisədə tələbənin təcrübə müddətində keçəcəyi təcrübə və vaxt onun həm ixtisasına, həm də buraxılış işi mövzusuna uyğun olsun. Əgər bu təsdiqlənərsə həmin halda tələbənin təqdim etdiyi şirkətdə təcrübə keçməsi üçün şərait yaradılır.
ADNSU-da bakalavrların təcrübə prosesinin monitorinqi çox ciddi aparılır. Hər il xüsusi təcrübə rəhbərləri təyin olunur və müəyyən jurnallar əsasında təcrübə müəssisələrində olurlar.
1110 magistratura üzrə təhsil alan tələbələrimiz hazırda 4 həftəlik təcrübə prosesinə başlayıblar. Bu elmi tədqiqat təcrübəsidir. Onlar elmi tədqiqat təcrübəsini təxminən 100-dən artıq şirkətdə həyata keçirirlər. Təcrübə müddəti bitdikdən sonra elmi pedaqoji təcrübələri başlayır. Bu təcrübəni isə onlar universitetdə keçəcəklər”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Mətbuat katibi Şəhanə Müşfiq qeyd edib ki, tələbələrinin təcrübə müəssisələri həm universitet tərəfindən təklif olunur, həm də tələbələr özləri seçə bilirlər:
“IV tədris ili tələbələrimiz və eləcə də magistr tələbələrimiz artıq təcrübədədirlər. Fevralın 17-dən (müxtəlif ixtisaslar üzrə fərqli zamanlarda) təcrübələr başlayıb.
Hazırda da tələbələrin təcrübədə davamiyyətləri yaxşıdır, heç bir problem yaşanmayıb. Magistratura tələbələrimizin elmi-tədqiqat təcrübələri isə universitet daxilində təşkil edilir. Onlar da hazırda təcrübədədirlər”.
Bakı Avrasiya Universitetinin (BAAU) İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Qurban Qurbanzadə qeyd edib ki, sonuncu kurs tələbələrinin istehsalat və pedaqoji təcrübələri bildiyimiz kimi 2025-ci ilin 17 fevral tarixindən başlayıb:
“Filologiya, Regionşünaslıq və iqtisadiyyat fakültələri üzrə ümumilikdə 300-ə yaxın tələbə təcrübəyə yollanılıb. Magistratrura səviyyəsi üzrə isə 50-ə yaxın magistrant pedaqoji təcrübədədir.
Tələbələrin təcrübəsi BAAU-nun əməkdaşlıq etdiyi müəssisə və şirkətlərdə həyata keçirilir. Bura dövlət qurumları, ümumtəhsil müəssisələri, xüsusi məktəblər, özəl şirkət və qurumlar daxildir. Tələbələrin davamiyyəti təcrübə rəhbərləri tərəfindən gündəlik olaraq yoxlanılır, gündəlik gördükləri işlər təcrübə gündəliyində qeyd edilir. Magistrantların pedaqoji təcrübəsi mərhələli şəkildə aparılır. Onlar təcrübəni BAAU-da keçirlər”.