Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizovla tələbələrin görüşü keçirilib.
Universitetdən AzEdu.az-a bildirilib ki, fakültələr üzrə II və IV kurs tələbələri ilə keçirilən görüşdə rektor dosent Rüfət Əzizov professor-müəllim heyətini və tələbələri salamlayaraq zəngin tarixi ənənələri olan ali təhsil müəssisəsi kimi ADNSU-nun elmi-tədqiqat universitetinə çevrilməsi və beynəlxalq reytinqlərdə daha da yüksəlməsi üçün böyük potensialının olduğunu deyib.
Bu mənada professor-müəllim heyəti ilə yanaşı, tələbələrin də üzərinə oxumaq və özünü inkişaf etdirmək kimi mühüm vəzifə düşdüyünü qeyd edən rektor universitetdə tədrisin keyfiyyətinin inkişaf etdirilməsi və mövcud problemlərin aradan qaldırılmasında komanda olaraq hər kəsin üzərinə düşən işi yüksək səviyyədə icra etməsinin vacibliyini vurğulayıb.
Rektor həmçinin universitetin maddi-texniki bazasının müasir standartlara uyğunlaşdırılması, mövcud resurslardan düzgün istifadənin təmin olunması, tələbələrin startap ideyalarının dəstəklənməsi, tələbə klublarının formalaşması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili və digər bu kimi məsələlərə toxunub, görüləcək işlərdən, perspektivlərdən danışıb.
Sonra tələbələr rektora suallar ünvanlayıblar. İmtahanlar, laboratoriyalar, ixtisas proqramları, kitabxana, təcrübə və karyera məsələləri ilə bağlı irad və təkliflərini bildiriblər. Hər bir sual rektor tərəfindən ətraflı cavablandırılaraq qaldırılan problemlərin həlli ilə bağlı prorektorlara və müvafiq şöbələrə tapşırıqlar verilib.