Azedu.az

AzMİU Türkiyə Ege Universiteti ilə birgə yeniliyə imza atır

Universitetlər

27 Fevral 2025, 17:31
AzMİU Türkiyə Ege Universiteti ilə birgə yeniliyə imza atır

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin Ege Universiteti arasında “Nüvə Elmlərində Radiasiya və Təhlükəsizlik” ixtisasında magistratura səviyyəsi üzrə beynəlxalq birgə magistr təhsili və tədrisi proqramının əhatə dairəsi, icrası və diplomların verilməsi prosedurlarını və prinsiplərini müəyyən edən protokol imzalanıb. Türkiyənin Yüksəköyrətim Kurulu ilə Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən müsbət rəy verilən protokolu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Ege Universitetinin rektoru professor Necdet Budak imzalayıblar.  


AzMİU-dan AzEdu.az-a bildirilib ki, sənəddə Ege Universiteti ilə AzMİU arasında"Nüvə elmlərində radiasiya və
təhlükəsizlik" beynəlxalq birgə magistr proqramına tələbə qəbulu, tədris planı, imtahan, davamiyyət, icazə, akademik məzuniyyət müddəti, məzuniyyət şərtləri, akademik müvəffəqiyyətsizlik, veriləcək diplomlar, təhsil haqları və proqrama dair digər məsələlərlə əlaqədar müddəalar qeyd olunub.Protokolun imzalanması ilə bağlı AzMİU  və Ege Universitetinin rektorları arasında onlayn görüş keçirilib. Görüşdə hər iki universitetin nümayəndə heyəti də iştirak edib.  Görüş zamanı tərəflər arasında bir sıra strateji məsələlər də müzakirə olunub. Bu müzakirələr çərçivəsində hər iki universitetin təhsil və elmi tədqiqat sahələrində inkişaf perspektivləri, təhsil proqramlarının təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi yolları nəzərdən keçirilib. Müştərək elmi tədqiqat layihələrinin təşkili və innovativ yanaşmaların paylaşılması məsələləri də xüsusi diqqət mərkəzində olub.


Rektor professor  Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU-nun həm Qərb təhsil sisteminə inteqrasiyası, həm də iki qardaş ölkə arasındakı təhsil əlaqələri çərçivəsində Türkiyə universitetləri ilə yüksək əməkdaşlıq əlaqələri mövcuddur. Ege Universiteti ilə imzalanan ikili diplom müqaviləsinin Türkiyə universitetləri ilə AzMİU arasında sayca 3-cü ikili diplom müqaviləsi olduğunu vurğulayan rektor AzMİU-da təhsilin beynəlmilliləşdirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.Rektor professor  Necdet Budak bu müqavilənin Ege Universiteti üçün böyük əhəmiyyətə malik olduğunu söyləyib. Rektor bildirib ki, müqavilə Ege Universitetinə birgə kadr hazırlığı ilə yanaşı, nüvə elmlərində radiasiya və təhlükəsizlik üzrə AzMİU-nun qabaqcıl elmi təcrübəsini öyrənməyə imkan verəcək.


AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri akademik İslam Mustafayev bu proqramın iki ölkə ilə yanaşı, ümumilikdə region üçün əhəmiyyətinə toxunub. Akademik qeyd edib ki, Türkiyə və İranda nüvə elektrik stansiyalarının inşası, Ermənistanda riskli şəkildə fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası region üçün radiasiya təhlükəsizliyini prioritet, həmçinin strateji istiqamətə çevirib.  Türkiyənin Ege Universitetinin nəzdində Nüvə Elmləri İnstitutunun direktoru professor Sabriya Yushan da regionda son illər nüvə enerjisindən istifadə ilə bağlı canlanmaya diqqət çəkib və proqram çərçivəsində kadr hazırlığının xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edək ki, bu proqram AzMİU-nun dünyanın aparıcı universitetləri ilə sayca 9- cu ikili diplom müqaviləsidir.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox