Azedu.az

Gənclər “Atamın pulu var” deyib universitetə qəbul olmağı ÖNƏMSƏMİRLƏR

Universitetlər

27 Fevral 2025, 13:48
Gənclər “Atamın pulu var” deyib universitetə qəbul olmağı ÖNƏMSƏMİRLƏR

"“Atamın pulu var, burada qəbul olmasam xaricdə oxuyacam”, deyən abituriyentlərin sayı təəssüf ki, az deyil".

 

Bu sözləri ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis Ramin Nurəliyev AzEdu.az-a açıqlamasında bildirib.

 

“Valideynlər gecə-gündüz əziyyət çəkir, işləyir, uşağının hazırlığına, kitabına, yeməyinə, nəqliyyatına pul xərcləyir, amma bəzən uşaqlar bu əziyyətin müqabilində valideynlərini “üzü ağ etmirlər”. Bu cür abituriyentlər üçün müəllim də çalışır, səy göstərir, amma alınmır, oxumurlar. Sınaq imtahanlarında yoldaşlarından köçürür, müəllimi və valideyni aldadır. Qəbul imtahanlarında isə aşağı bal toplayırlar. Soruşanda ki, “niyə belə edirsən?”, deyirlər ki, “Müəllim, onsuz da burada qəbul olmasam, xarici ölkəyə gedəcəm. Niyə özümü yorub oxuyum ki?” Bəzi uşaqlar ümumiyyətlə oxumurlar, çünki onlar əvvəlki mövzularda səhlənkarlıq ediblər və bu səbəbdən sonrakı mövzuları da qavraya bilmirlər.

 

Buraxılış imtahanına az qalıb. İndi elə bir zamandır ki, abituriyentlər maksimum şəkildə imtahana hazırlaşmalıdırlar. Amma baxırsan ki, onlar universitetə qəbul olmasalar da, bunu problem hesab etmirlər. Hətta bəziləri bildirirlər ki, “Artıq evdə məsləhətləşmişik, Azərbaycanda aşağı bal toplayıb, prestiji az olan ixtisasa qəbul olsam, xaricə üz tutub daha yaxşı sahədə təhsil alacam”. Əslində, burada valideynin də günahı var. Abituriyentin yanında belə şeylər danışılmamalıdır. Abituriyent bir hədəfə istiqamətləndirilməlidir ki, əsas işin ali məktəbə qəbul olmaqdır.

 

“Atamın pulu var, burada qəbul olmasam xaricdə oxuyacam”, deyən abituriyentlərin sayı təəssüf ki, çoxdur. Bu gün attestat qiymətləri ilə rahatlıqla Türkiyədə hüquq, tibb, kompüter mühəndisliyi kimi ixtisaslara qəbul olmaq mümkündür. Məhz bu imkanlara görə bəziləri Azərbaycanda oxumaq istəmir. Valideyn boşuna pul xərcləyir. Halbuki, əgər Azərbaycanda oxusalar, burada daha yaxşı nəticə əldə edə bilərlər. Xarici ölkəyə xərclənən pul ailə büdcəsindən ayrılaraq gələcəkdə ev, avtomobil və digər əşyalar almaq üçün istifadə oluna bilər.

 

Təəssüf ki, indi bəzi abituriyentlərdə universitet narahatlığı yoxdur. Bizim dövrümüzdə qorxu vardı. Düşünürdük ki, maksimum əlimizdən gələni etməliyik. İndi isə uşaqlar sınaq imtahanına 100 bal toplaya bilmir, amma narahat olmur, öz kefindədirlər, “TikTok”da, orada-burada gəzir, əylənirlər".

 

Ekspert bildirib ki, bu il ali məktəbə qəbul şansı daha yüksəkdir:

 

“Buraxılış imtahanına az qalıb. Ciddi şəkildə çalışmaq, əskikləri tamamlamaq lazımdır, çünki imtahanda zaman yetməyəcək bu çatışmazlıqları düzəltməyə. İmtahana tam hazır şəkildə daxil olmaq vacibdir. “İmtahanda 300 bal toplayıb, harasa qəbul olum” düşüncəsi yanlışdır. Ondansa, 500 bal toplayıb dövlət sifarişi ilə təhsil almaq, pulun da öz cibində qalır.

 

Baxırsan ki, bəzi abituriyentlər “Kişinin pulu var, həll edəcək”, deyirlər. Lakin unutmaq olmaz ki, pulu olanın da başqa dərdləri var. Atalar gecə-gündüz işləyib əziyyət çəkir ki, sən o pulu götürüb xaricdə xərcləyəsə? Hətta belə düşünən tələbələrin 50%-i diplom almadan geri dönürlər. Bəziləri 4-5 il birinci kursda qalırlar. Bəzən ailələr deyir ki, “Övladım xaricə gedib, attestatla, amma oxuya bilmir. İstəyirik onu Azərbaycana köçürək”. Amma bu mümkün deyil, attestatla xarici ölkəyə gedənlərin heç birini buraya köçürmək mümkün olmur.

 

Abituriyentlərə demək istəyirəm ki, oxuyun, azca əziyyət çəkin, ali məktəbə qəbul olun, pulunuzu dağıtmayın. Oturun oxuyun. Bu il qəbul şansı daha çoxdur. Plan yeri 10.000-ə yaxın artırılacaq. Bu da deməkdir ki, xarici ölkəyə üz tutan tələbələrin Azərbaycan universitetlərinə qəbul olma şansı olacaq".

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox