Azedu.az

 ADU-ya yeni prorektor təyin edilib

Universitetlər

25 Fevral 2025, 17:01
 ADU-ya yeni prorektor təyin edilib

Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə filologiya elmləri doktoru, professor Həmidə Əhməd qızı Əliyeva ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

AzEdu.az  xəbər verir ki, Həmidə Əliyeva 1969-cu ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1986–1991-ci illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2006-2009-cu illərdə isə Azərbaycan Dillər Universitetində “Xarici dil (ingilis dili) müəllimi”  ixtisası üzrə ikinci təhsil alıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuş, 2001-ci ildə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində ədəbiyyat məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən 2002-ci ildə filologiya üzrə fəlsəfə doktoru, 2009-cu ildə isə dosent elmi adlarını alıb.

2017-ci ildə “Qərbi Avropa ədəbiyyatında Yaxın Şərq mövzusu (epik poeziya materialları əsasında)” adlı doktorluq dissertasiyasını müdafiə etmiş, 2018-ci ildə AAK tərəfindən Filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

H.Əliyeva ilk pedaqoji fəaliyyətinə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında müəllim kimi başlayıb. 1991-1995-ci illərdə həmin filialın Xarici dillər kafedrasında pedaqoji fəaliyyət göstərib, 1995-1997-ci illərdə isə “Naxçıvan” Universitetinin Bakı filialının Humanitar elmlər kafedrasında müəllim vəzifəsində əmək fəaliyyətini davam etdirib.

2003-cü ildən Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasında çalışan H. Əliyeva hazırda həmin kafedranın professorudur.  

2012-ci ildə ADU-nun Doktorantura və dissertantura şöbəsinin müdiri, 2016-2020-ci illərdə ADU-nun nəzdindəki D.02.081 Dissertasiya Şurasının elmi katibi, eləcə də ADU-nun elmi katibi olub. H. Əliyeva 2016-2017-ci illərdə ADU-da fəaliyyət göstərən Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb. 2024-cü ildə ADU Filologiya fakültəsinin dekanı vəzifəsinə seçilib.   

H.Əliyeva 60-a yaxın elmi məqalənin, iki monoqrafiyanın (“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində filologiya məsələləri”-1999; “Qərbi Avropa epik poeziyasında bədii universallıq və spesifiklik (Qərbi Avropa –Yaxın Şərq paralelliyi əsasında)”-2016), bir dərs vəsaitinin (“Orta Əsrlər Qərbi Avropa ədəbiyyatı tarixi (Orta əsrlər qəhrəmanlıq eposları)”-2008) və bir neçə fənn proqramının (“Dünya ədəbiyyatı”; “İsrail ədəbiyyatı”; “Ədəbiyyat və psixoanaliz”; “Ədəbi komparativistika”; “Dünya ədəbiyyatı üzrə Doktorantura üçün qəbul proqramı”) müəllifidir. Onun elmi məqalələri yalnız respublikamızda deyil, ABŞ, Kanada, İngiltərə, Avstriya, Rusiya, Qazaxıstan, Ukrayna kimi xarici ölkələrdə nəşr olunur.

Gənc elmi kadrların hazırlanmasında yaxından iştirak edən alim hazırda çoxsaylı  doktorant və dissertantlara elmi rəhbərlik edir.  H.Əliyeva ailəlidir, iki övladı var.

NATO qırıcıları HƏRƏKƏTƏ KEÇDİ - Rusiyaya cavab
Son xəbərlərDaha çox