Bakı Mühəndislik Universitetində (BMU) cari tədris ilində sonuncu kursda təhsil alan tələbələrin istehsalat və pedaqoji təcrübəsinə start verilib. 17 fevral-05 iyul tarixlərini əhatə edən təcrübə prosesində İnformasiya və kompüter texnologiyaları, İqtisadiyyat və idarəetmə, Mühəndislik, Pedaqoji fakültələrindən ümumilikdə 1085 tələbə iştirak edir.
BMU-dan AzEdu.az-a bildirilib ki, tələbələr istehsalat təcrübəsini Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirlikləri, habelə SOCAR- ın müəssisələri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Aqrar Sığorta Fondu, "Azərenerji" və "Azərişıq"; ASC-lərin müəssisələri, “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC, Abşeron Logistika Mərkəzi, Sumqayıt Texnologiyalar Parkı, "Azertexnolayn" MMC, Veysəloğlu Şirkətlər Qrupu, “Azərsun Holdinq” və "Azərsu" ASC-nin müəssisələri, "Bank of Baku", Kapital Bank, Asan Xidmət, "Aztelekom", MMC, eləcə də digər dövlət və özəl müəssisələrində keçirlər.
Pedaqoji ixtisasların tələbələri isə təcrübəyə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Landau məktəbi, Zirvə, İdrak, İstanbul və Hədəf liseylərində başlayıb. Bundan əlavə, müxtəlif ixtisaslar üzrə magistratura səviyyəsində təhsil alan II kurs tələbələrinin elmi-tədqiqat (19 fevral-19 mart) və elmi- pedaqoji təcrübələri (27 mart-22 aprel) təşkil olunur. Təcrübə proqramında ümumilikdə 155 magistrantın iştirakı planlaşdırılır.