Bakı Mühəndislik Universiteti (BMU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb. ATGTİ-nin rəhbər heyəti bu məqsədlə BMU-da olub və rektor Yaqub Piriyevlə görüşüb. Görüşdə dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan, onların hərtərəfli inkişafı üçün atılan çoxşaxəli addımlardan, habelə bu çərçivədə BMU-nun gənclərlə bağlı gördüyü müsbət işlərdən geniş bəhs olunub.
BMU-dan AzEdu.az-a bildirilib ki, ATGTİ-nin sədri Rəşad Zeynalov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, gördüyü işlər, nəzərdə tutulan yeniliklər və gələcək layihələri barədə ətraflıməlumat verib, eyni zamanda bu istiqamətdə birgə əməkdaşlığın daha da genişləndirilməsinin önəmindən danışıb.
Rektor Yaqub Piriyev gənclərin inkişafı, onların karyera yüksəlişi, ictimai-sosial həyatlarının səmərəli təşkili üçün irəli sürülən bütün təşəbbüslərin alqışalayiq olduğunu vurğulayıb. Rektor BMU-da gənclər təşkilatları və klublarının fəaliyyətinin hər zaman dəstəkləndiyini, onların ideya və layihələrinin diqqətdə saxlanıldığını fikirlərinə əlavə edib. Bununla yanaşı, son dövrlər gənclərlə bağlı universitetdə gerçəkləşdirilən yenilikləri nəzərə çatdırıb.Görüşdə həyata keçiriləcək mümkün birgə layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonda rektor Yaqub Piriyevə Tələbə Gənclər Təşkilatının davamlı və sistemli inkişafına verdiyi töhfəyə görə “Yenilikçi və İnkişaf Mükafatı” təqdim edilib.