Xəbər verdiyimiz kimi, Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılır. Bununla yanaşı həmçinin Universitetinin Tibb fakültəsinin açılması da nəzərdə tutulur.
Bəs, görəsən yeni yaradılan “Qarabağ Universitetinin Klinikası” və Tibb fakültəsi Azərbaycan tibb təhsilinə hansı töhfələri verəcək?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin Səhiyyə komitəsinin deputatı Məlahət İbrahimqızının sözlərinə görə, yüksək bal toplayan tələbələrin məhz təhsil almaq üçün Qarabağ Universitetini seçməsi onların vətənə, millətə olan məhəbbətinin göstəricisdir:
"Möhtərəm Prezident, Qarabağ işğaldan azad edildikdən sonra həmin ərazinin gələcək fəaliyyəti ilə bağlı dəfələrlə çıxış edib. Eyni zamanda, beynəlxalq standartlara cavab verən ali məktəbin yaradılmasını da qeyd edib. Qısa bir müddət ərzində Prezident İlham Əliyev Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb.
Bu gün qürurla deməliyik ki, ən yüksək bal toplayan tələbələr məhz Qarabağ Universitetində təhsil almağı seçiblər. O gənclərə halal olsun! Bu, eyni zamanda, Azərbaycan gənclərinin öz vətəninə, millətinə və milli-maraqlarına olan məhəbbətinin göstəricisidir. Gənclərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Digər qismi isə yüksək balla Qarabağda təhsil almağı seçdi. Həmin gənclər gələcəkdə Qarabağın incisi olacaqlar".
Deputat əlavə edib: "Yeni yaradılan klinikada ən peşəkar mütəxəssislər işləyəcəklər":
"Aydın məsələdir ki, Tibb fakültəsi Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universitetində tədris edilir. Bu baxımdan, Qarabağda da Tibb fakültəsinin yaradılması çox doğru bir addım oldu. Necə ki, Qarabağda görülən hər bir iş dünyanın ən yüksək standartlarına cavab verir, eyni zamanda, Tibb fakültəsi və qurulacaq Tibb Klinikasının da bu formada özünü göstərəcəyinə inanıram.
Düşünürəm ki, gənclərimizin gələcək təhsili və əhalinin sağlamlığı istiqamətində bu məsələ böyük bir töhfədir və irəliləyiş üçün mühüm bir addımdır. Buna görə də, fürsətdən istifadə edib Prezidentə dərin minnətdarlığımı bildirirəm.
Heç şübhəsiz ki, ümumilikdə qəbul edilən qərarlar, imzalanmış fərmanlar və sərəncamlar Qarabağın daha yaxşı inkişaf etdirilməsi məqsədi daşıyır. Yaradılan klinikada ən peşəkar mütəxəssislərin işləyəcəyinə əminəm. Həmçinin burada yeni müəssisələr açılır, səhiyyə sistemləri qurulur. Yaşayan və yaşayacaq əhaliyə yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi üçün mühüm addımlar atılır. Bu öz-özlüyündə böyük bir nailiyyətdir. Əminəm ki, bu fakültələr qurulduqca, xüsusilə Türk dövlətlərindən buraya gənclər axın edəcəkdir".