AzEdu.az bu gündən etibarən “5+1” rubrikasına start verir. Rubrika əsnasında, portal əməkdaşlarının hər biri aktual saydıqları təhsil mövzulu suallarını müsahibə ünvanlayırlar.
Redaksiyanın təhsil məsələləri üzrə çalışan 5 əməkdaşı onları narahat edən sualları hər dəfə altıncı şəxsə-müsahibə ünvanlayacaqlar... Yəni, 5+1 formatında qısa söhbət...
Rubrikamızın ilk qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidir.
Mail Ağaxanov: “Milli Məclisin 2019-cu il büdcə müzakirələri zamanı təhsil kreditləri ilə bağlı məsələ qaldırıldı. Bunun nə kimi perspektivlərini görürsünüz?
-Təhsil kreditləri daim gündəmdir. Biz daim bu məsələni qabardırıq. Maraqlısı odur ki, 2019-2020-ci ilin tədris ilində universitetlərdə ödənişli təhsil sistemi əsasında oxuyanların sayı azalacaq. Daha çox büdcə hesabına təhsil alanların sayı artacaq. Bu təhsilə vacib dəstəkdir. Təhsil üçün büdcədən ayrılan vəsait əvvəlki ildən 2 dəfə daha artıqdır. Bu da onu göstərir ki, Milli Məclis təhsilə xüsusi diqqət yetirir. Təhsil kreditləri məsələləri də gündəmdədir. Gördüyünüz kimi, Azərbaycanda bununla əlaqədar tədbirlər görülür.
Elmin Nuri- “AMEA-da sizcə hansı institutların statusu ləğv edilərək, başqa elmi quruma birləşdirilməlidir? Ümumiyyətlə, humanitar elmlər bölməsində bu işin həyata keçməsinə nə dərəcədə gərək var?”
-Bir şeyi yadda saxlamaq lazımdır ki, bir neçə cür elm var: İstehsalat yönümlü, texniki-tərəqqi , verimli və digər...
Dünyada böyük sahibkarlıq müəssisələrinin, şirkətlərin, fabriklərin özünün elmi müəssisələri var. Elmi tərəqqinin, texnoloji yeniliklərin hesabına həmin müəssisələr əlavə gəlir əldə edir.
Azərbaycan ədəbiyyatına bu gün necə xərc qoymayaq?! Azərbaycanın humanitar elmlərini necə inkişaf etdirməyək?! Biz mütləq bu sahələrə də vəsait ayırmalıyıq. Çünki Azərbaycanın gələcəyinə, onun milli-mənəvi dəyərlərinə, azərbaycançılıq ideologiyasına xidmət edən elmlərdir. Düşünürəm ki, elmə qoyulan vəsait heç vaxt itmir.
Azərbaycanda humanitar elmlərə qoyulan vəsait fikrimcə, bir az artmalıdır. Azərbaycanın tarixi daha dəqiq öyrənilməlidir. Gənclərimizə tariximiz, ədəbiyyatımız çatdırılmalıdır.
Günel Yaşarqızı: “Hazırda ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra dövlət proqramları həyata keçirilməkdədir. Sizcə, bu proqramların əhəmiyyəti nədən ibarətdir?
-Ən bahalı əmtəə ağıl, bilik, savaddır. Belə bir deyim var: ən verimli investisiya təhsilə qoyulan yatırımdır. Ona görə də o, proqramların hamısı Azərbaycan əhalisinin intellektual inkişafına xidmət edir. Elm və təhsilin inkişafı istiqamətində proqramların həyata keçirilməsi Azərbaycanın gələcəyindən xəbər verir. Bütün təhsil ocaqlarında, eləcə də ailələrdə valideynlər övladlarında elmə, savada həvəs oyatmalıdırlar. İlk növbədə onlar övladlarını elmli, ağıllı etməlidirlər.
Nəzrin Rüstəmova- “Məktəblərdə xarici dildən dinləmə bacarıqları inkişaf etdirilmədiyi, xüsusi qurğulardan istifadə olunmadığı halda, buraxılış imtahanlarına dinləmə mətnlərinin əlavə edilməsi nə dərəcədə düzgündür?
-Dünyada bu cür termin var: “Nə qədər dil bilirsənsə o qədər də insansan”. Əlavə dil biliklərini bilmək lazımdır və bu hər kəsin borcudur. Ana dilini isə birinci növbədə bilmək lazımdır.
Lamiyə Süleymanlı- “Direktorların işə qəbulu imtahanları keçirilir. Sizcə, hazırda məktəb direktorlarının çoxunda çatışmayan əsas cəhətlər nələrdir ki, onları müsahibə mərhələsində nəzərə almalıdırlar?
-Məktəb direktoru ola bilər ki, ağıllı, savadlı olsun və pedaqogikanı yaxşı bilsin. Amma bir başlıca göstərici var ki, bəzən direktorlar onu axırıncı yerdə saxlayır. Direktorlar o göstəriciyə xüsusi diqqət yetirməlidir. O göstərici də idarəetmə bacarığıdır. Pedaqoji kollektivi, müəssisəni idarəetmə bacarığı da bir ustalıq, sənətdir. Məktəb direktoru bu kimi kompleks bacarıqlara malik olduqda daha yaxşı olur.