İllərdir çoxlarımız data analitikasını kurslara gedərək öyrənib, sertifikatlar almışıq. Ancaq növbəti ildən etibarən bu sahə rəsmi ixtisas kimi ölkəmizdə də bakalavr səviyyəsində tədris olunacaq.
İxtisasın tədrisindən sonra kurslara üz tutanların sayı yenə də bu qədər olacaqmı? Tədrisə hansı mütəxəssislərin cəlbi daha məqsədəuyğundur?
Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az-a açıqlamasında bildirib ki, data analitika üzrə ixtisas açılırsa, bu sahəylə müntəzəm məşğul olanları peşəyə dəvət etmək lazımdır:
“Data analitikası hazırda dünyanın ən dəbdə olan anlayışlarından biridir. Çünki artıq “BIG DATA” anlayışı var. Hər bir məsələ dataya çevrilərək internetin hafizəsində saxlanılır. Terabaytlar insanların bütün internet hərəkətlərini, axtarışlarını, olduqları məkanları özündə saxlayır. Datalarla iş nəhəng kompüterlər tələb edir. Dünyada hər kəsin mobil telefonunda bütün hərəkətləri, getdiyi məkanlar, xərcləri yazılır desək, şişirtmiş olmarıq.
Artıq hər şey fərdiləşdirilir. İngilis dilində desək, “personalize” edilir. Datalardan fərdiləşdirilmiş reklam vasitəsi kimi istifadə olunur. Səhiyyə, turizm, təhsil, eləcə də marketinqin bütün növləri - xidmətlərin hər biri fərdiləşdirilir. Bu fərdin individual maraqlarına, ehtiyaclarına, qayğılarına, narahatlıqlarına, müsbət və mənfi, güclü və zəif cəhətlərinə uyğun mobil telefon və ya kompüter vasitəsilə xidmətlər təqdim olunur. Nəzərə alsaq ki, proses böyük datalarla işləməyi, onu emal etməyi tələb edir. Bu yanaşmanı bilmək bir Azərbaycan vətəndaşı üçün də çox vacibdir. Elə peşə yoxdur ki, onun sahibi artıq datayla işləməyi bacarmadan işini rahat görə bilsin. Datayla işləmək bacarığı çox vacib amildir”.
“Data analitika üzrə ixtisas açılırsa, bu sahəylə müntəzəm məşğul olanları peşəyə dəvət etmək lazımdır”,-deyə Q.Məhərrəmov vurğulayıb:
“Azərbaycanlı data analitiklər bu sahəni indiyə qədər kurslarda “Boot Camp”da (öyrənmə düşərgələrində) öyrənirdilər. Artıq data analitika üzrə ixtisas açılırsa, bu sahəylə müntəzəm məşğul olanları bu peşəyə dəvət etmək lazımdır. Çünki dövr artıq diplom, sertifikat yox, səritşə dövrüdür. İnsanlar əgər həmin səriştələri göstərə, onların nəticəsində verilən tapşırıqları yerinə yetirə, qarşıya qoyulan sınaqları keçə bilirsə, o artıq işə götürülür. Ona görə də bu sahənin universitetdə öyrədilməsindən söhbət gedirsə, mütləq o işi icra edən insanlar tədris prosesində iştirak etməlidirlər.
Əlbəttə, Azərbaycanda elmi baza əskikliyi var. Bu ixtisas necə açılacaq? Sahə üçün lazım olan data bazalara çıxışlar varmı? İxtisasın Azərbaycan dilində ədəbiyyatı, Azərbaycanda müəllimi varmı? və s. Kimi məsələlər yəqin ki, düşünülüb, müzakirə edilib. Dünyada bu vaxta qədər olan təcrübədən istifadə olunub, ixtisasın dərsləri, müəllimləri, proqramı o şəkildə təşkil olunmalıdır”,- deyə müsahibimiz bildirib.