“Təhsilin ilkin mərhələsini qəlizləşdirmək yox, maraqlı hala gətirmək lazımdır. Məktəbliyə çoxlu kitab yükləməklə güclü təhsil verilməz”.
Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil məsələləri üzrə mütəxəssis Fuad Hacıyev deyib. Onun sözlərinə görə, təhsildə inqilab edən kiçik ölkələrin təcrübəsini Azərbaycanda tətbiq etmək üçün şərait mütləqdir:
“Belə ölkələrdən biri Finlandiyadır. Buranın təhsil sistemində qiymətləndirmə, gündəlik anlayışı yoxdur. Tapşırıqlar da ona uyğundur. Orada şagirdlərin mütləq keyfiyyətləri və maraq dairələri müəyyən edilir. Biz isə gündəliyi elə bu gün yığışdırsaq, heç nə dəyişən deyil”.
Onun sözlərinə görə, xarici təcrübədən yararlanmaq üçün Sinqapurdakı yüksək təhsil ocaqlarının Azərbaycanda filialları açıla bilər:
“İlkin olaraq, yalnız xarici mütəxəssislərlə başlanıla bilər. Daha sonra isə xaricdə təhsil alan, yaxud yüksək səviyyədə ixtisaslaşan insanları cəlb etmək olar.
Bundan əlavə, ağıllı bir kənd yaratmaq, yeni texnologiyalara əsaslanan mühəndislik məktəbləri qurmaq olar. Prioritet ixtisaslar üçün mərkəzlər tikmək də yaxşı fikirdir.
Estoniyanın Tartu Universiteti ilə mübadilə proqramlarını işə salmaq lazımdır. Bu məktəblərə qəbul üçün DİM balı deyil, daha beynəlxalq imtahanlar tələb olunmalıdır. Məsələn SAT kimi imtahan nəticəsi tələb eləmək olar”.
Ekspertin fikrincə, təhsili qəlizləşdirmək əvəzinə, maraqlı səviyyəyə gətirmək lazımdır:
“Məktəbliyə çoxlu kitab yükləməklə güclü təhsil verilməz. Şagirdə yalnız lazım olan informasiyanı ötürmək lazımdır. Yalnız bu halda şagirddən potensial kadr yetişdirmək mümkündür”.