Azedu.az

Deputatdan TƏKLİF: “Distant Təhsil Mərkəzi” yaradılmalıdır

Universitetlər

18 Noyabr 2024, 10:01
Deputatdan TƏKLİF: “Distant Təhsil Mərkəzi” yaradılmalıdır

Artıq bir neçə gündür Bakı və Sumqayıt universitetlərində təhsil alan tələbələr dərslərə distant şəkildə qoşulurlar. Ölkəmizdə hələ pandemiya dövründə onlayn təhsillə bağlı təcrübəmizin olması COP29 zamanı distant təhsilə qoşulmağı daha əlçatan etdi.

 

Bəs, görəsən, rəsmi şəkildə əyani və qiyabi təhsil formaları olduğu kimi distant təhsil də yaradılacaqmı? Azərbaycan təhsili buna hazırdırmı?

 

AzEdu.az-a müsahibə verən Milli Məclisin Elm və Təhsil Komitəsinin deputatı, Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda distant təhsilin leqallaşması tez-tez müzakirə olunur:

 

“Dünyanın bir çox ölkələrində distant təhsildən səmərəli istifadə olunur. Pandemiya dövrü bizə göstərdi ki, ölkəmizdə də distant təhsilə keçmək olar. Nəinki pandemiya və digər hallarda, eləcə də digər vaxtlarda da distant təhsildən istifadə etmək olar. Bu təhsil növü vaxta və enerjiyə qəanət etmək baxımından səmərəlidir.

 

Xatırlayıram, cənab Prezident bir neçə il bundan əvvəl Microsoft şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif texnologiyaların tətbiqi və təhsildə innovasiyalarla bağlı elm və təhsil nazirinə müəyyən tapşırıqlar vermişdi.

 

Reallıq ondan ibarətdir ki, Azərbaycanda distant təhsillə bağlı bir çox problemlər var. İlk növbədə distant təhsillə bağlı qanunvericilik bazası işlənilməlidir. Milli Məclis tərəfindən hazırlanan “Ali təhsil haqqında” qanunda distant təhsil haqqında ayrıca bölmə var. Bu qanun dəfələrlə ayrı-ayrı nazirliklər və qurumlarla müzakirə olunub. Hesab edirəm ki, artıq qəbul edilə bilər. 

 

Hətta gələcəkdə Elm və Təhsil Nazirliyinin nəzdində “Distant Təhsil Mərkəzi”, eləcə də ayrıca distant təhsillə bağlı universitet yaratmaq imkanlarına baxmalıyıq.

 

Qonşu ölkələrdən Türkiyə Respublikasına baxsaq, Atatürk, Anadolu və digər bir sıra universitetlər distant təhsildən istifadə edirlər.

 

Ölkəmizdə təhsillə bağlı ən böyük çətinliklərdən biri həmin təhsil formasında oxumuş insanların diplomlarının tanınması ilə bağlıdır. Əgər distant təhsilə keçiriksə, diplomların tanınma mexanizmlərini də həll etməliyik.

 

Bizə davamlı olaraq tez-tez müraciətlər olunur ki, “Mən təhsil almışam, ancaq diplomum tanınmır”. Bu kimi hallar ciddi narazılıqlar doğurur. Ona görə də hüquqi bazanın işlənilməsi üçün ciddi addımlar atılmalıdır ki, bu kimi problemlər həll olunsun.

 

Ümumiyyətlə, istər distant, istər qeyri-distant diplomların tanınması ilə bağlı xeyli problemli məsələlər var. Maksimum çalışmalıyıq ki, təhsilalanların çətinliklərini həll etmək üçün qanunvericilik mexanizmləri qurulsun”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox